Diamantakos: "Böyük vədlər vermək üçün doğru zamanı deyil"
Azb.az qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İoannis Diamantakosun eksklüziv açıqlamasını təqdim edir:
– Yeni təyinatınız münasibətilə sizi təbrik edirəm. Milli komandadakı hədəflərinizlə bağlı fikirlərinizi bilmək istərdim.
– Əvvəlcə qeyd etmək istəyirəm ki, burada olduğum üçün çox şadam. Mənə göstərdikləri etimada görə federasiyanın rəhbərliyinə və prezidentinə təşəkkür edirəm. Həqiqətən çox həyəcanlıyam. Düşünmürəm ki, indi böyük açıqlamalar verməyin və möhtəşəm vədlər səsləndirməyin doğru zamanıdır. Hazırda çalışmağın vaxtıdır.
Təbii ki, biz artıq çalışırıq. Mən gəlməmişdən əvvəl də gənclərdən ibarət milli komandalarla bağlı yeni struktur yaratmaq və bunun nəticəsində əsas milli komandanı formalaşdırmaq istiqamətində işlərə başlanılıb. Çünki bütün federasiyalarda gənclərdən ibarət milli komandaların əsas məqsədi istedadlı basketbolçular yetişdirərək onları əsas milli komandaya qazandırmaqdır.
Biz bunu həyata keçirməyə hazırıq və mən çox həyəcanlıyam. Növbəti günlərdə digər məşqçilərlə görüşəcəyəm və birlikdə – çünki bu, komanda işidir – layihə üzərində çalışmağa başlayacağıq. Bir daha federasiyaya, rəhbərliyə və prezidentə təşəkkür edirəm. Yeganə deyə biləcəyim budur ki, Azərbaycan qadın basketbolunu bir addım irəli aparmaq üçün çox çalışacağıq.
– Milli komandanın yaş ortalamasının 18 olması təzyiq və ya qorxu yaradır?
– Heç də qorxulu deyil. Bunun öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəmiz var. Əsas məsələ əvvəldə qeyd etdiyim kimi, istedadlı və gənc oyunçuların inkişaf etməsinə imkan verəcək struktur yaratmaqdır.
Bundan əlavə, Azərbaycan qadın basketbolu üçün yeni bir kimlik formalaşdırmaq çox vacibdir. Komandaya baxan hər kəs bunun Azərbaycan milli komandası olduğunu hiss etməlidir. Bu, uzun və böyük bir prosesdir. Məhz buna görə böyük sözlər deməyi sevmədiyimi bildirdim. Yeganə deyə biləcəyim budur ki, çox çalışacağıq.
– Təyinatınız yenicə açıqlanıb. Bakı ilə bağlı ilk təəssüratlarınız necədir?
– Düzünü desəm, Bakıda cəmi bir neçə saat – üç-dörd saat olmuşam. İlk təəssüratım çox yaxşıdır. Şəhər məni heyran etdi və əminəm ki, qarşıdakı günlərdə də bu təəssürat dəyişməyəcək. Amma obyektiv olmaq istəyirəm. Bakıda cəmi dörd saat keçirmişəm. Buna baxmayaraq, ilk təəssüratım həqiqətən çox müsbətdir.
