Ceylen Dyuren transfer şayiələrinə son qoyub
Detroyt "Pistons" ilə 5 il üçün 200 milyon dollar dəyərində yeni müqavilə imzalayan Ceylen Dyuren mətbuat konfransında azad agent danışıqları ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.
AzB.az xəbər verir ki, o, karyerasını məhz bu klubda davam etdirmək istədiyini bildirib.
Klubun basketbol əməliyyatları üzrə prezidenti Trajan Lenqdon ilə birlikdə mətbuat qarşısına çıxan mərkəz oyunçusu mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb:
"Mən heç vaxt mediada heç kimlə danışmamışam, hər hansı bəyanat verməmişəm. Ona görə də bunları şayiə kimi qəbul edə bilərsiniz".
Dyuren bu prosesin həm onun, həm də təşkilatın istədiyindən daha uzun çəkdiyini, lakin tərəflərin ən yaxşı nəticəni əldə etmək üçün çalışdığını qeyd edib.
Azarkeşlərə ünvanladığı mesajda tərddüdə yer qoymayan basketbolçu bildirib: "Ən aydın mesaj odur ki, mən Detroyt oyunçusuyam. Ömrümün sonuna qədər Detroyt oyunçusu olmaq istəyirəm".
