"Valensiya"dan Avroliqa tarixində unikal rekord
Ötən mövsüm Avroliqada "Dördlər Finalı"na yüksələn "Valensiya" çətin yay dönəmini gerçəkləşdirməsinə baxmayaraq, yeni mövsümə möhtəşəm start verib.
AzB.az xəbər verir ki, turnirdəki ilk oyununda "Beşiktaş"ı səfərdə məğlub edən "Valensiya" ardınca "Baskoniya" və "ASVEL" sədlərini də keçib. Bu müddətdə iki dəfə 100 xaldan çox fərqlənən "narıncılar" Avroliqa tarixinə düşüblər.
"Crunch" basketbol statistika platformasının məlumatına görə, ilk üç tur ərzində ümumilikdə 312 xal toplayan İspaniya klubu turnir tarixində ilk üç matçda ən çox xal toplayan komanda olaraq rekorda imza atıb.
Qeyd edək ki, bu rekorda qədər göstərici ötən mövsüm ilk üç oyunda 298 xal toplayan "Barselona"ya məxsus idi. Kataloniya klubu həmin nəticə ilə əzəli rəqibi "Real Madrid"in (2018-19 mövsümü, 297 xal) rekordunu yeniləmişdi.
