"Məqsədimiz hər mövsüm irəliyə addım atmaqdır" – "Sabah"ın idman direktoru
"Sabah"ın idman direktoru Lukas Qrabauskas "Basketball Sphere" portalına müsahibəsində Azərbaycan klubundakı planları, iddiaları və hədəfləri barədə danışıb.
AzB.az xəbər verir ki, litvalı mütəxəssis "Lietkabelis"dəki 8 illik uğurlu fəaliyyətindən sonra "Sabah"da yeni çağırışa başlayıb.
Qrabauskasın müsahibəsini təqdim edirik:
– Ötən mövsüm FIBA Çempionlar Liqasında 1-5 göstəricisi olan bir heyəti təhvil aldınız. Yayda bu göstəriciləri analiz edərkən problemin nə olduğunu müəyyənləşdirdiniz: oyunçu keyfiyyəti, komandaya uyğunluq, yoxsa skautinq sistemi?
– Əvvəla, klubun bu günə qədər gördüyü işlərə böyük hörmətlə yanaşıram. "Sabah" hər il hər cəhətdən inkişaf edən gənc təşkilatdır və ardıcıl dörd il ölkə çempionu olub. Bu, hörmətə layiqdir. Əlbəttə, biz növbəti addımı atmaq üçün buradayıq. Ötən yay klub prezidenti ilə çox yaxşı söhbətimiz oldu və onun dediyi bir fikir yaddaşıma həkk olundu: "Biz hər mövsüm irəliyə addım atmaq üçün əlimizdən gələni etməliyik". Bu fikirlə tamamilə razıyam və əsas hədəfimiz də budur. Təbii ki, qeyd etdiyiniz bütün sahələrdə inkişaf etməyi hədəfləyirik.
– Spasiç siz gəlməzdən əvvəl artıq klubda idi. Onun ilk hansı basketbol ideyası sizə heyəti fərqli şəkildə qurmaq lazım olduğunu düşündürdü?
– Məşqçi Spasiç meydanın hər iki tərəfində məhsuldar olan oyunçular istəyir. Tələb belə idi: müdafiədə oynamaq istəməyən, yalnız hücumameyilli basketbolçular istəmirdik. Həmçinin universallıq axtarırdıq; əcnəbi oyunçularımızın çoxu ehtiyac olduqda iki və ya üç mövqeyi bağlaya bilir. Mənim fəlsəfəm odur ki, klub baş məşqçiyə istədiyi alətləri vermək üçün əlindən gələni etməlidir. İnanıram ki, məşqçi sərəncamında olan heyətdən razıdır.
– "Sabah" ardıcıl 4 titul qazanan məşqçini daha gənc və 3 illik müqaviləsi olan mütəxəssislə əvəzlədi. Klub 3-cü ildə birinci ildə pul ilə ala bilməyəcəyi nəyi əldə etməyi gözləyir?
– Dediyim kimi, məqsədimiz hər mövsüm hər cəhətdən daha yaxşı olmaqdır. Söhbət yalnız qələbə və məğlubiyyətdən getmir, bütün prosesdən gedir: şərait, tibbi dəstək, menecment, marketinq. Bu mövsüm məşqlər və oyunlar zamanı basketbolçuların fiziki vəziyyətinə nəzarət etmək üçün innovativ texnologiyalardan istifadə etməyə başladıq, onların bərpasına böyük diqqət yetiririk. Tibbi heyətimizi də gücləndirmişik. Yaxşı oyunçuları bu təşkilatın bir parçası olmağa cəlb edən də məhz budur. İnanıram ki, birinci illə üçüncü ili müqayisə edəndə fərq aydın görünəcək.
– Daxili liqa sizə demək olar ki, müqavimət göstərmir, daha sonra isə "Ritas" və "Trabzonspor"la qarşılaşırsınız. Oktyabr və aprel ayları arasında oyunların çoxunun taleyi ilk yarıda həll olunanda heyəti tonusda saxlamaq üçün nə edirsiniz?
– Birincisi, bu fikirlə razı deyiləm. Liqa inkişaf edir və mən yalnız Çempionlar Liqasına fokuslanmaq mövqeyini heç vaxt qəbul etməyəcəyəm. Əgər Azərbaycan Basketbol Liqasına hazır olmasanız, cəzalandırılacaqsınız, çünki rəqiblər bizə qarşı oynamaq üçün böyük motivasiyaya malikdirlər. Bizim mentalitetimiz yarışdan asılı olmayaraq oyundan-oyuna irəliləməkdir.
– Azərbaycanın köklü basketbol ənənəsi yoxdur. Siz Bakıda yerləşən güclü bir Avropa klubu qurursunuz, yoxsa azərbaycanlı basketbolçular yetişdirən bir klub? Bu iki tapşırıq fərqli heyətlər tələb edir.
– Balansı tapmağa çalışırıq. Təbii ki, iddialarımız beynəlxalq səviyyədədir, lakin yalnız buna fokuslana bilmərik. Həm də yerli oyunçuların bizimlə birgə inkişaf etməsi üçün əlimizdən gələni etməliyik. İnkişafına böyük önəm verdiyimiz bir neçə gənc istedadımız var və ümid edirəm ki, onlar "Sabah"ın bir parçası olduqları üçün şaddırlar.
– FIBA Çempionlar Liqasının finalçıları NBA Avropa mövsümünə vəsiqə qazanır. Sizin kimi bazardan olan klub üçün bu yeni struktur qapı açır, yoxsa səssizcə bağlayır?
– Bu haqda düşünmək hələ çox tezdir. ABL mövsümünə yeni başlamışıq, Çempionlar Liqası isə gələn həftə start götürür. Klub olaraq xəyallarımız var, lakin onlara çatmaq üçün addım-addım irəliləməliyik.
– Dekabr ayında qələbələrdən başqa hansı gösterici yayı düzgün keçirdiyinizi göstərəcək?
– Uğuru ölçən çoxlu göstəricilər var – qələbələrdən tutmuş tribunadakı azarkeş sayına qədər. Hər biri vacibdir. Sadəcə dekabr ayına fokuslanmaq istəməzdim, çünki mövsüm uzundur. Bu, sprint deyil, marafondur. Əsas məsələ insanların bir təşkilat olaraq gördüyümüz işə inandıqlarını hiss etmək, sabit qalmaq və yolumuzdan sapmamaqdır. İnanıram ki, hədəflədiyimiz rəqəmlər də gələcək. O vaxta qədər isə hər dəfə növbəti oyuna konsentrasiya olacağıq.
Qeyd edək ki, "Sabah" ABL-in ilk turunda "LANDAU Lions" üzərində 84:74 hesablı qələbə qazanıb. Çempionlar Liqasındakı növbəti rəqib isə oktyabrın 6-da Vilnüs şəhərində üz-üzə gələcəkləri "Ritas" olacaq.
