ABL

"LANDAU Lions"ın litvalı ulduzu: "2 il yarım oynamamaq ağır idi..."

"LANDAU Lions"ın litvalı ulduzu: "2 il yarım oynamamaq ağır idi..."

“LANDAU Lions” klubunun basketbolçusu Orelik Gediminasın AzB.az saytına müsahibəsi

- İlk oyunda "Sabah"a məğlub oldunuz. Xüsusilə son periodda nə baş verdi, nə çatışmadı?

- Düşünürəm ki, uduzmağımızın səbəbi hələ öz oyunumuzu tapmağa çalışmağımızdır. Mövsümöncəsi çox oyun keçirməmişik, ona görə də hələ bir-birimizi öyrənirik. Amma sonralar daha yaxşı olacağıq.

- "LANDAU Lions"da artıq ikinci mövsümünə start verirsən. Baş məşqçinin bu mövsüm komandada sənə həvalə etdiyi əsas rol nədir və paltardəyişmə otağının əsas lideri sən olacaqsan?

- Bəli, burada artıq ikinci mövsümümdür və bu komandanın və təşkilatın bir parçası olduğum üçün xoşbəxtəm. Rolum ötən mövsümdəki kimi olacaq – qələbə qazanmağa çalışmaq, komandaya qalib gəlməkdə kömək etmək və gənc oyunçuların inkişafına dəstək olmaq. Amma əsas məqsədim mümkün qədər çox qələbə qazanmağa kömək etməkdir.

- "Lietkabelis", "Banvit", "Beşiktaş" kimi klublarda oynamısan. Bütün bu zəngin karyeradan sonra "LANDAU Lions" variantı necə yarandı və səni Bakıya gətirən əsas amil nə oldu?

- Bildiyiniz kimi, artıq yaşlanıram. “Landau”ya gəlməzdən əvvəl Avropada qalmaq barədə düşünürdüm. Amma Avropada çox təzyiq və başqa amillər var. Karyeramda fərqli bir şey sınamağa qərar verdim və bura gəlmək mənim üçün çox yaxşı qərar oldu. Məşqçilər korpusumuzu çox sevirəm. Onların hamısı çox yaxşı insanlardır və artıq dost olmuşuq. Ümid edirəm ki, hətta karyeram başa çatdıqdan sonra da dost olaraq qalacağıq.

- 2018-ci ildə "Veneziya"da oynayarkən karyeranın pik nöqtəsində ağır zədə aldın. Məhz həmin zədədən sonra yenidən yüksək səviyyəyə qayıtmaq sənin üçün nə qədər çətin oldu?

- Çox çətin idi. Fiziki baxımdan yox, daha çox psixoloji cəhətdən. İki il yarım oynamamışdım və geri qayıtmaq çətin idi. Amma bunu bacaracağımı bilirdim və bir çox insana kim olduğumu göstərmək istəyirdim.

- Litva basketbol məktəbinin yetirməsisən və millinin bütün yaş qruplarında oynamısan. Komandadakı gənc azərbaycanlı basketbolçulara əsasən hansı məsləhətləri verirsən?

- Sadəcə, çox çalışmağa davam edin, özünüzə inanın və həyatda etmək istədiyiniz şeydən heç vaxt vaz keçməyin. Ağıllı və səbirli olun. Vaxtınız mütləq gələcək.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər