Tahir Baxşıyev: "Strategiyamızı dəyişərək gənclərə şans vermək qərarına gəldik"
NTD BK yeni mövsümdə əsas diqqəti gənc azərbaycanlı basketbolçuların inkişafına ayıracaq.
AzB.az xəbər verir ki, komandanın heyəti əsasən Azərbaycanın U-20 millisinin üzvlərindən formalaşdırılacaq.
Məşqçilər korpusunu təcrübəli mütəxəssis Anar Sarıyevlə gücləndirən NTD BK-nın baş məşqçisi Tahir Baxşıyev bu addımın səbəblərindən danışıb:
"U-20 millimiz son Avropa çempionatının B Divizionunda uğurlu çıxış edərək 11-ci yeri tutdu. Bu basketbolçuların böyük potensiala malik olduğunu düşünürük və inanırıq ki, gələn il milli daha yaxşı nəticə göstərə bilər. Bunun üçün gənc oyunçuların daha çox meydançaya çıxması və davamlı oyun təcrübəsi qazanması vacibdir. Məhz buna görə federasiya ilə məsləhətləşdikdən sonra U-20 millisinin basketbolçularına klub səviyyəsində müntəzəm oynamaq imkanı yaratmaq qərarına gəldik".
Baş məşqçi mövsümün çətin keçəcəyini, lakin bu təcrübənin gənclər üçün mühüm rol oynayacağını vurğulayıb:
"Başa düşürük ki, qarşıdakı mövsüm bizim üçün asan olmayacaq. Amma bu, gənc basketbolçular üçün çox vacib təcrübə olacaq. Onlar mövsüm ərzində oyunlarını müxtəlif komponentlərdə inkişaf etdirə bilərlər. Düşünürəm ki, bu mövsüm onların gələcək peşəkar karyerasında mühüm rol oynayacaq".
Qeyd edək ki, gənc basketbolçularla yanaşı, "NTD BK"nın heyətində yerli oyunçulara dəstək olacaq bir neçə legioner də çıxış edəcək.
