Azərbaycan Basketbol Federasiyasında yeni Məşqçilər Departamenti yaradıldı
Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni Məşqçilər Departamenti təsis edilib.
AzB.az xəbər verir ki, departamentin əsas hədəfi ölkədə məşqçilərin peşəkar inkişafına dəstək olmaq və uzunmüddətli oyunçu hazırlığını təmin etməkdir.
Qurumun fəaliyyətinin əsas istiqamətlərinə məşqçilərin təhsili, basketbolçuların inkişafı, aşağı yaş qrupları üzrə milli komandaların proqramlarının hazırlanması və koordinasiyası, həmçinin Bakıda və regionlarda fəaliyyət göstərən ABF akademiyalarında təlim-məşq prosesinin təkmilləşdirilməsi daxildir.
Departament, eyni zamanda, milli komandaların məşqçilər heyətinə texniki dəstək göstərəcək, yerli məşqçilərin peşəkarlığının artırılmasına yönəlmiş təhsil proqramları hazırlayacaq, eləcə də Azərbaycan Basketbol Liqasının və ABF-nin digər yarışlarının texniki səviyyəsinin yüksəldilməsi üçün təklif və tövsiyələr irəli sürəcək.
