Qadın millimizin baş məşqçisi: "Böyük iş gördük, qızlarla fəxr edirəm"
3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç Belçikanın Antverpen şəhərində keçirilən Avropa Kubokunda komandanın bürünc medal qazanmasını şərh edib.
AzB.az xəbər verir ki, mütəxəssis uğurlu çıxışla bağlı fikirlərini bölüşüb:
"Hələ də o qədər həyəcanlıyam ki, danışmaqda belə çətinlik çəkirəm. Amma əminəm ki, biz burada həqiqətən də möhtəşəm bir iş gördük. Xüsusilə bütün mövsüm ərzində keçdiyimiz yolu – zədələri, heyətdəki dəyişiklikləri və hamımızın bir arada ola bilmədiyi dövrü nəzərə alsaq... Bütün bunlar hələ Dünya Kubokundan başlamışdı. Orada da final mərhələsinə qədər irəliləyib medallar uğrunda mübarizə aparmışdıq. Düşünürəm ki, bütün çətinliklərin öhdəsindən birlikdə gəldik və bu nəticə tamamilə layiqincə qazanıldı.
Qızlarla və bütün komandamızla fəxr edirəm. Mövsüm artıq başa çatdı, indi kiçik bir fasiləmiz var. Uzun və çətin mövsüm geridə qaldı, lakin biz bununla bacardıq və ili möhtəşəm şəkildə yekunlaşdırdıq. Gələcəkdə də ən yüksək səviyyədə qalmaq və yeni qızıl medallar uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik.
Bu yol boyunca bizi dəstəkləyən hər kəsə təşəkkür etmək istəyirəm. Xüsusi təşəkkürümü isə bütün bu uğurların gerçəkləşməsi üçün böyük əmək sərf edən insanlara və federasiyaya bildirirəm".
