Millimizin səfər matçı öncəsi: Rəqib Litvada idmanın əsl sahibi kimdir?
Futbol üzrə Azərbaycan milli komandası iki gündən sonra Millətlər Liqasında Litvanın qonağı olacaq. Lakin rəqib ölkədə futbol heç vaxt birinci idman növü hesab olunmayıb. Şərqi Avropanın bu kiçik ölkəsində idman dedikdə ağıla gələn tək bir sahə var: basketbol. Litvada basketbol sözün həqiqi mənasında ikinci dindir. Əhalisi cəmi 2,8 milyon nəfər olan bir ölkənin onilliklər boyu dünya basketbolunun ən güclü nəhəngləri ilə baş-başa mübarizə aparması idman tarixinin ən diqqətçəkən hadisələrindən biridir.
Bu bağlılığın kökləri 1930-cu illərə dayanır. Amerika litvalılarının ölkəyə gətirdiyi bu idman növü qısa zamanda milli kimliyin bir hissəsinə çevrildi. Litva 1937 və 1939-cu illərdə Avropa çempionu olmaqla öz gücünü ilk dəfə göstərdi. Lakin İkinci Dünya Müharibəsindən sonra Sovet işğalı bu inkişafın müstəqil şəkildə davam etməsinə imkan vermədi. Buna baxmayaraq, Litva basketbol məktəbi SSRİ yığmasının əsasını təşkil etməkdə davam edirdi. Arvydas Sabonis, Şarunas Marçulionis, Rimas Kurtinaitis kimi əfsanələr 1988-ci il Seul Olimpiadasında SSRİ qızıl medal qazananda meydandakı əsas yükü çəkən heyət idilər.
1990-cı ildə müstəqillik bərpa olunduqdan sonra basketbol Litva üçün sadəcə idman deyil, həm də azadlığın və suverenliyin rəmzi oldu. Maliyyə çətinliklərinə baxmayaraq, 1992-ci il Barselona Olimpiadasına qatılan Litva yığması bürünc medal qazanaraq bütün dünyaya müstəqil dövlət kimi mövcudluğunu bəyan etdi. Həmin turnirdə yer alan rəngarəng geyimlər və azadlıq ruhu idman tarixinə qızıl hərflərlə yazıldı. 1992-ci il Barselona Olimpiadasındakı Litva yığması haqqında ABŞ-nin məşhur "Drim Tim" (Dream Team) heyətinin istənilən basketbolçusundan soruşsanız, xatırlayacaqları çox şey var. Cəmi iki əvvəl Sovet İttifaqından müstəqilliyini yeni qazanmış litvalılar hər mövqedə ulduz oyunçulara və yüksək xarizmaya malik idilər.
Litva 1996 və 2000-ci illərdə də Olimpiada bürünclərini qoruyub saxladı, 2003-cü ildə isə müstəqil ölkə kimi ilk dəfə Avropa çempionu oldu.
Litva basketbolunun sirri nədir? Boy üstünlüyü və fiziki göstəricilər vacibdir, lakin əsas məsələ sistemdir. Ölkədə uşaq yaşlarından başlayan nizamlı akademiyalar, yüksək səviyyəli məşqçi kadrları və ən əsası, hər bir evdə basketbola olan sevgi bu davamlılığı təmin edir. Ölkənin iki böyük klubu — Kaunasın "Jalgiris" və Vilnüsün "Rytas" komandaları arasındakı rəqabət yerli çempionatın səviyyəsini hər zaman yüksək tutur. Xüsusilə "Jalgiris"in Avroliqadakı ev oyunlarında yaratdığı atmosfer Avropada nümunə göstərilir.
Bu gün Litva NBA-yə Yonas Valançiunas və Domantas Sabonis kimi yüksək səviyyəli mərkəz oyunçuları qazandırmaqda davam edir. Bəzən heyət dərinliyi və ya nəsil dəyişikliyi səbəbindən turnirlərdə uğursuzluqlar yaşansa da, Litva yığması hər zaman istənilən rəqib üçün ən təhlükəli komandalardan biri hesab olunur.
Kiçik bir coğrafiyanın böyük basketbol sevdası Litvanı xəritədə fərqləndirən əsas dəyərlərdən biridir. Burada basketbol sadəcə oyun deyil, nəsilləri birləşdirən ortaq bir dildir.
