Şakil O'Nil – Basketbolun qarşısıalınmaz əfsanəsi
Basketbolda taktikalar çoxdur, amma bəzən bütün planları alt-üst edən tək bir amil olur: qarşısıalınmaz fiziki güc. 216 santimetrlik boyu və 140 kiloqramdan çox çəkisi ilə Şakil O'Nil meydançaya ayaq basanda rəqib mərkəz oyunçularının işi bitmiş sayılırdı. O, sadəcə xal yığmırdı, təkbaşına səbətləri sıradan çıxarıb liqanın qaydalarını dəyişməyə məcbur edirdi.
"Orlando"da ilk addımlar
1992-ci il drafında bir nömrə ilə "Orlando Mecik"ə seçiləndə hamı onun güclü olacağını bilirdi. Amma bu dərəcədə yox! Şakil ilk mövsümdən rəqibləri sözün həqiqi mənasında əzməyə başladı. Hətta elə matçlar oldu ki, onun güclü slam-danklarından sonra səbətin konstruksiyası dözməyib yerə aşdı. NBA rəhbərliyi zallarda səbət qurğularını möhkəmləndirmək və dəmir dayaqları dəyişmək üçün təcili qərar verməli oldu.
"Leykers" illəri: Kobi ilə möhtəşəm, bir o qədər də gərgin duet
1996-cı ildə Los-Ancelesə gəlişi hər şeyi dəyişdi. Cavan Kobi Brayant və təcrübəli Fil Ceksonla bir araya gələn "Shaq" NBA-də tam hegemonluq qurdu. 2000-2002-ci illər arasında "Leykers" üst-üstə üç dəfə çempionluq (Three-peat) üzüyünü taxdı. Hər üç final seriyasının ən dəyərli oyunçusu da elə O'Nil seçildi.
Rəqiblərin onu dayandırmağa taktikası çatmırdı. Ən son çarə kimi "Hack-a-Shaq" üsuluna əl atırdılar: Şakilin cərimə atışlarında zəif olduğunu bildikləri üçün top ona çatan kimi bilərəkdən fol edirdilər. Amma bu hiylə də "Leykers"in çempionluq yürüşünü dayandırmağa bəs etmədi.
Mayamidə 4-cü çempionluq və karyeranın sonu
Kobi ilə aralarında yaşanan problemlərdən sonra Şakil 2004-cü ildə "Mayami Hit"ə keçdi. Bu dəfə gənc Dueyn Ueyd ilə yaxşı bir cütlük yaratdı və 2006-cı ildə Florida klubuna tarixinin ilk çempionluğunu qazandırdı. Bu, onun karyerasındakı 4-cü və sonuncu çempionluq üzüyü oldu. Daha sonra "Finiks", "Klivelend" və "Boston" formaları geyinən əfsanə, 2011-ci ildə karyerasını başa vurdu.
Uğurlar və Rəqəmlərlə "Shaq":
4× NBA Çempionu (2000, 2001, 2002, 2006)
3× NBA Finals MVP (2000–2002)
1× NBA MVP (2000)
15× NBA All-Star
2× NBA Xal Lideri (1995, 2000)
Karyera statistikası: 23.7 xal, 10.9 ribaund, 2.3 blok ortalaması.
Şoumen, analitik və... Dr. O'Nil
"Shaq"ı sevdirən tək şey basketbolu olmadı. Zarafatçıl xarakteri, filmləri, rep trekləri və mətbuat konfranslarındakı hərəkətləri ilə o, idmanı böyük bir şouya çevirməyi bacarırdı. Çoxları bilmir, amma o, idmanla yanaşı təhsilini də davam etdirib və 2012-ci ildə doktorluq dərəcəsi alıb. İndi isə televiziyada analitiklik edir və özünün "Shaqtin' a Fool" verilişi ilə basketbol dünyasını güldürməyə davam edir.
Şakil O'Nil basketbol tarixinin ən parlaq, ən rəngarəng və ən böyük (həm sözün əsl, həm də məcazi mənasında) əfsanələrindən biri kimi adını qızıl hərflərlə yazdırıb.
BasketLife Sözlüyü
Three-peat: Bir komandanın ard-arda 3 il çempion olması.
Hack-a-Shaq: Şakilin cərimə atışlarında axşamasına hesablanmış, ona qarşı qəsdən fol edilməsi taktikası.
Low Post: Səbətə yaxın hücum zonası. Şakil burada öz bədəni ilə rəqibi sıxışdıraraq rahatlıqla xal qazanırdı.
