Diamantakos: "Təkcə pul kifayət etmir, sistem lazımdır"
Qadınlardan ibarət Azərbaycan basketbol milli komandasının baş məşqçisi İoannis Diamantakos Yunanıstan mətbuatına müsahibəsində ölkənin idman potensialından və uğur qazanmağın vacib şərtlərindən söz açıb.
AzB.az xəbər verir ki, təcrübəli mütəxəssis maliyyə imkanlarının təkbaşına kifayət etmədiyini vurgulayıb:
"Azərbaycanda böyük maliyyə imkanlarına və geniş azarkeş kütləsinə malik klublar var. Futbol artıq beynəlxalq səviyyədə güclü vəziyyətdədir və bu potensial basketbol üçün də perspektivlər yaradır. Lakin təkcə pul kifayət etmir. Sistem, peşəkar təcrübə və aydın mütəşəkkil plan lazımdır. Xüsusilə qadın basketbolunda inkişaf təməldən - kiçik yaşlardan və gündəlik məşqlərdən başlamalıdır. Məni nikbin edən bu istiqamətə sərmayə qoymaq istəyən insanların olmasıdır".
Diamantakos layihənin davamlı olması üçün əsas amilləri sıralayıb:
"Ən vacib amillər ardıcıllıq və səbrdir. Bilməliyik ki, bir idman növü bir gündə inkişaf etmir. Gündəlik əmək, düzgün təşkilatlanma və plana inanan insanlar lazımdır. Möhkəm təməl yarada, basketbolçulara lazımi bilikləri qazandıra bilsək, çox mühüm addım atmış olarıq. Nəticələrin gəlməsi üçün əvvəlcə uygun mühit yaradılmalıdır. Hazırda Azərbaycanda etməyə çalışdığımız da məhz budur".
