Amil Həmzəyev: “Əsas olan qələbədir”
“Sevincliyik, çünki iki oyun keçirmişik və hər ikisində qalib gəlmişik”.
Bu sözləri AzB.az saytına açıqlamasında “Naxçıvan” Basketbol Klubunun üzvü Amil Həmzəyəv deyib.
O, “Gəncə” üzərində qazandıqları qələbəni (72:70) hesablı qələbəni şərh edib: “Heç bir zədəm yoxdur. Sadəcə, rəqibin heyətinə uyğun heyətlə meydana çıxırıq. Rəqibin yerli oyunçularının mövqelərinə uyğun olaraq biz də yerli basketbolçulara şans veririk. Buna görə də mənə bir qədər az oyun vaxtı düşür. Amma mənim mövqeyimdə yerli oyunçuları olan komandalara qarşı keçirilən oyunlarda oynadığım dəqiqələrin mütləq artacağını düşünürəm".
Həmzəyev rəqib haqqında bunları deyib:
"Əsas olan qələbədir. “Gəncə” yaxşı komandadır, sadəcə, orada da müəyyən problemlər var. Baş məşqçilərinin ayrılması komandanın oyununa təsir edib və görünür ki, bu səbəbdən müəyyən çətinliklər yaşayırlar.
Biz isə əsas diqqətimizi öz oyunumuz üzərində cəmləşdiririk. Yaxşı oynadıq. Rəqib Avrokuboklarda iştirak edən klubdur və büdcə baxımından da bizdən bir neçə dəfə üstündür. Buna baxmayaraq, qələbə qazanmağımıza çox sevinirik.
İnşallah, növbəti oyunlarda da bu nəticələri təkrarlamağa çalışacağıq və qazandığımız qələbələrin təsadüfi olmadığını sübut edəcəyik”.
