ABL

"Sabah"a məğlubiyyətdən sonra NTD-nin baş məşqçisindən iddialı açıqlama

"Sabah"a məğlubiyyətdən sonra NTD-nin baş məşqçisindən iddialı açıqlama
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Basketbol üzrə Azərbaycan Çempionatında (ABL) "Sabah"la qarşılaşan NTD klubunun baş məşqçisi Tahir Baxşıyev məğlubiyyətlə başa çatan oyunu şərh edib.

AzB.az xəbər verir ki, təcrübəli mütəxəssis ikinci hissədə edilən səhvlərin matçın taleyinə təsir etdiyini bildirib:

"Birinci hissədə pis oynamadıq. Amma ikinci hissədə çoxlu səhvlərə yol verdik və rəqib bu səhvlərimizdən 18 xal qazandı. Halbuki üçüncü periodda cəmi üç səhv etmişdik və həmin hissəni bir xal fərqi ilə öndə bitirə bildik.

Ümumilikdə, oyunumuzda müsbət məqamlar da var. Uşaqlar özlərinə inanmalıdırlar. Onlar artıq təkcə yaxşı oynamaq barədə deyil, qələbə qazanmaq barədə düşünməlidirlər. Hər oyuna qalib gələ biləcəklərinə inanaraq çıxmalıdırlar. Bunun üçün çalışacağıq və inanıram ki, zamanla irəliləyiş olacaq".

T. Baxşıyev komandadakı gənc basketbolçuların çıxışına da toxunub:

"Gənc basketbolçularımıza gəlincə, bu gün Mübariz Mirzəyev yaxşı oynadı. Maqsud Hümmətov və digər gənc oyunçularımız da özlərini göstərdilər. Əlbəttə, hələ çox səhv edirlər, amma belə rəqiblərə qarşı oynamaq onlar üçün asan deyil. Hər oyun böyük təcrübədir. İnanıram ki, bu təcrübə yayda U-20 yığmasının heyətində keçiriləcək yarışlarda onlara çox kömək edəcək".

Qeyd edək ki, "Sabah" – NTD qarşılaşması birincilərin 100:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər