ABL

"Məqsədimiz Super Liqaya yüksəlməkdir" – "Alov Basket" iddialı gəlir

"Məqsədimiz Super Liqaya yüksəlməkdir" – "Alov Basket" iddialı gəlir
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Cari mövsümdə ABL-2-də (Azərbaycan Basketbol Liqası 2) mübarizə aparacaq "Alov Basket" klubunun mətbuat xidməti komandanın hədəfləri və transfer planları barədə AzB.az saytına özəl açıqlama verib.

Klubdan bildirilib ki, əsas məqsəd ilk növbədə liqada mövqelərini möhkəmləndirməkdir:

"Bu mövsüm əsas məqsədlərimizdən biri ilk növbədə bu liqada mövqeyimizi möhkəmləndirməkdir. Liqa yeni olduğu üçün hazırda onun necə inkişaf edəcəyini və qarşıdakı mərhələlərdə hansı addımları atmalı olduğumuzu tam olaraq proqnozlaşdırmaq çətindir. Ona görə də şəraitə uyğun olaraq hər mərhələdə düzgün qərarlar verməyə və komandamızı inkişaf etdirməyə çalışacağıq.

Komandamızda həm təcrübəli, həm də gənc oyunçulara yer veririk. Eyni zamanda, gənc məşqçilərin də inkişaf etməsi və təcrübə qazanması üçün imkan yaratmağa çalışırıq. Əlbəttə, məqsədlərimizdən biri də növbəti mövsüm Super Liqada iştirak etməkdir. Bunun üçün bu mövsüm həm liqada mövqeyimizi gücləndirməli, həm də komandamızı daha da inkişaf etdirməliyik".

"Alov Basket" çempionatın təşkilinə görə quruma minnətdarlığını da ifadə edib:

"Azərbaycan Basketbol Federasiyasına təşəkkürümüzü bildirmək istəyirik. Bu çempionatın təşkil olunması həm yerli oyunçuların, həm də gənc basketbolçuların inkişafı və özlərini göstərməsi üçün çox yaxşı imkan yaradıb. Düşünürəm ki, bu cür layihələr basketbolumuzun gələcəyi üçün çox vacibdir".

Mətbuat xidməti heyətin komplektləşdirilməsi və gözlənilən yeni transferlər barədə də məlumat verib:

"Heyətimizi gücləndirmək istiqamətində işlərimizi davam etdiririk. Məşqçilər korpusuna etdiyimiz əlavə də komandamızın inkişafı baxımından atdığımız addımlardan biridir.

Hazırda bir legioner oyunçunun komandaya cəlb olunması ilə bağlı danışıqlarımız davam edir. Bundan əlavə, qaydalara uyğun olaraq ABL-1-dən 2005-ci il və daha kiçik yaşda olan bir və ya iki yerli oyunçu ilə də heyətimizi gücləndirməyi planlaşdırırıq. Düşünürəm ki, yaxın bir həftə ərzində bütün danışıqlar yekunlaşacaq və heyətimizin tam olaraq necə formalaşacağını dəqiq biləcəyik. Bundan sonra yeni transferlər barədə rəsmi məlumat verəcəyik".

Qeyd edək ki, ABL-2 çempionatı noyabrın 20-də start götürəcək.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər