"Nəticələrdən razı deyiləm, daha yaxşı oynaya bilərdik"
FIBA Avropa Kubokunda ölkəmizi təmsil edən "LANDAU Lions", "Neftçi" və "Gəncə" klubları bu həftə qrup mərhələsində növbəti matçlarına çıxacaqlar. Çempionlar Liqasında mübarizə aparan "Sabah" isə oktyabrın 27-də doğma meydanda Fransanın "Nanter 92" klubunu qəbul edəcək.
Basketbol mütəxəssisi, "Lənkəran"ın baş məşqçisi Şəhriyar Əsgərov təmsilçilərimizin şanslarını və avrokuboklardakı mövcud durumunu AzB.az-a açıqlamasında dəyərləndirib.
Mütəxəssis komandalarımızın potensialından tam istifadə edə bilmədiyini və nəticələrin qaneedici olmadığını vurğulayıb:
"İndiyədək qeydə alınan nəticələrdən mütəxəssis kimi razı deyiləm. Biz daha yaxşı oynaya bilərdik və buna gücümüz də çatır. Qələbəni yenə də "Sabah"dan gözləyirəm. Təəssüf ki, digər klublarımız rəqiblərinə qarşı lazımi səviyyədə müqavimət göstərə bilmirlər. Bununla belə, "LANDAU Lions", "Neftçi" və "Sabah"ın heyətləri bu rəqiblərlə mübarizə aparmağa qadirdir".
Şəhriyar Əsgərov uğursuzluğun əsas səbəblərini heyət rotasiyasının darlığı və təcrübə azlığı ilə əlaqələndirib:
"Görünür, burada turnir təcrübəsinin azlığı və rotasiyanın darlığı özünü göstərir. Fikir vermisinizsə, komandalarımız əsasən 6-7 basketbolçudan istifadə edirlər. Digər rəqiblər isə, məsələn, "Trabzonspor"un timsalında, demək olar ki, bütün oyunçularına 15-20 dəqiqə meydanda qalmaq imkanı verirlər. Bizdə isə bir basketbolçuya 30-35 dəqiqə yük düşür və nəticədə komanda daha yorğun görünür.
Yəqin ki, digər komandalarımızın da qarşıda oyunları var və müəyyən qələbələr qazana biləcəyik. "Sabah", "LANDAU Lions", "Neftçi" və "Gəncə"yə tezliklə toparlanaraq öz oyunlarını tapmalarını arzulayıram".
