Dvayt Hovarddan gözlənilməz qərar
NBA-nın sabiq ulduzu və Şöhrət Zalının üzvü Dvayt Hovard peşəkar basketbolçu karyerasına son qoyub. Amerikalı mərkəz oyunçusu sonuncu dəfə Gürcüstanın "Black Fortress Tbilisi" klubunun heyətində meydana çıxıb və rəsmi şəkildə idmandan ayrıldığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Hovardın Gürcüstan Superliqasında keçirdiyi iki oyundan sonra bu qərarı verib. "Black Fortress Tbilisi" ilə debütündə o, "İverioni Qori"yə qarşı 17 dəqiqəyə 12 xal, 7 ribaund və 3 blokşutla yadda qalıb. Buna baxmayaraq, komandası 70:75 hesabı ilə məğlub olub. Sonuncu matçında isə Hovard "Tbilisi Dövlət Universiteti"nə qarşı 19 dəqiqəyə 10 xal, 4 ribaund və 2 blokşut toplayıb. "Black Fortress Tbilisi" ardıcıl üçüncü məğlubiyyətini alıb və mövsümə uğursuz start verib.
Düvayt Hovard 2004-cü ildə NBA dreftində birinci seçim olmuşdu və "Orlando Magic"də səkkiz il çıxış edərək 2009-cu ildə komandanı NBA finalına daşıyıb. O, üç dəfə NBA-nın ən yaxşı müdafiəçisi seçilib və 2020-ci ildə "Los Anceles Leykers"lə çempionluq yaşayıb. ABŞ millisinin heyətində 2008 Pekin Yay Olimpiya Oyunlarında qızıl, 2006 FIBA Dünya Çempionatında isə bürünc medal qazanıb.
NBA-dakı 18 illik karyerasından sonra Hovard Tayvanda "Taoyuan Leopards", Filippin və Monqolustanda da çıxış edib. Son dayanacağı isə Gürcüstan olub.
