Qadın millimizin baş məşqçisi: "Məqsədimiz B divizionuna yüksəlməkdir"
Qadınlardan ibarət Azərbaycan basketbol milli komandasının baş məşqçisi və bütün yaş qrupları üzrə qadın millilərinin koordinatoru İoannis Diamantakos Yunanıstan Basketbol Məşqçiləri Assosiasiyasının (SEPK) rəsmi saytına müsahibə verib.
AzB.az xəbər verir ki, yunanıstanlı mütəxəssis ölkəmizdəki fəaliyyətindən, qadın basketbolunun inkişaf planından və qarşıya qoyulan məqsədlərdən danışıb.
Diamantakos Azərbaycan Basketbol Federasiyasının (ABF) təklifini dəyərləndirərək bu addımı atdığını bildirib:
"Əvvəlcə Federasiyanın baş direktoru Turqay Zeytingözlə əlaqə saxladıq, daha sonra planlar barədə müzakirələrimiz oldu. Son illərdə Azərbaycanda, xüsusilə kişi basketbolunda ciddi işlər görülüb. Bu gün Çempionlar Liqası və FIBA Avropa Kubokunda mübarizə aparan klublar var. Qadın basketbolunda da oxşar addımlar atmaq, sabit çempionat təşkil etmək və uzunmüddətli perspektivdə klubların Avropa kuboklarına qatılmasına nail olmaq istəyirik".
Mütəxəssis işin artıq gündəlik rejimdə davam etdiyini diqqətə çatdırıb:
"Söhbət başlanğıc mərhələsində olan proqramdan gedir. Biz yalnız 14 yaşadək kateqoriyadan başlamırıq, təməli daha kiçik yaşlardan — U-12-dən qururuq. Bakı çox gözəl şəhərdir və burada inkişaf etmək üçün böyük həvəs var. U-14, U-16, U-18 və U-20 milli komandalarının məşqləri hər gün keçirilir. Federasiyanın bu fəaliyyəti təmin etməsi mühüm ilk addımdır".
Baş məşqçi milli komandaların əsas hədəfini də açıqlayıb:
"Əsas məqsəd indiki U-14 millisinin qarşıdakı 5 il ərzində ölkəni daha yüksək səviyyədə təmsil edə bilməsidir. Son hədəfimiz isə B divizionuna yüksəlməkdir. Bu, səbr və sistemli iş tələb edir. Eyni zamanda, ABŞ-də təhsil alan və çıxış edən azərbaycanlı qızları da izləyirik. Məqsəd qadın basketbolunun özünəməxsus kimliyini formalaşdırmaqdır".
