"Kapitan Vembanyama yox, Furnye olmalı idi"
Milli komandadakı karyerasını başa vuran Fransa yığmasının sabiq kapitanı Nikolas Batum komandanın yeni sarğı sahibinin seçilməsinə münasibət bildirib.
AzB.az xəbər verir ki, Batumdan sonra Fransa millisinin yeni kapitanı 22 yaşlı ulduz Viktor Vembanyama təyin edilib.
"RMC Sport"a danışan 37 yaşlı eks-basketbolçu bu vəzifəyə Evan Furnyenin (Evan Fournier) gətirilməli olduğunu düşündüyünü gizlətməyib:
"Dürüst olmamı istəyirsinizsə, məncə kapitan Viktor deyil, Evan olmalı idi. Bunun Viktorla heç bir əlaqəsi yoxdur. Çünki onun populyarlığını və gələcəyini nəzərə alsaq, əlbəttə, tamamilə məntiqli seçimdir. Amma mən olsaydım, Evanı seçərdim. Təbii ki, artıq komandada deyiləm və qərarın necə verildiyini bilmirəm. Viktor çox yaxşı seçimdir, amma mənim üstünlüyüm Evandan yana olardı".
