ABL-in 3-cü turunun statistik liderləri kimlərdir?
Azərbaycan Basketbol Liqasının 3-cü turunda “Neftçi” “Sumqayıt”ı 86:69, “Sabah” NTD-ni 100:75 hesabı ilə məğlub edib. “Naxçıvan” isə “Gəncə”dən üstün olub - 72:70.
AzB.az turun fərdi liderlərini araşdırıb:
Xal: Aleksa Stepanoviç (“Neftçi”) və Maykl Ertel (“Sabah”) - 21 xal.
Stepanoviç 30 dəqiqə 34 saniyəyə 2 xallıq atışların 10-dan 8-ni, cərimələrin 7-dən 5-ni uğurla tamamlayıb və 11 ribaundla dabl-dabla imza atıb. Ertel isə 32 dəqiqəyə cərimələrin hamısını (4/4) və 3 xallıq atışların 4-dən 3-nü dəqiq yerinə yetirib, üstəlik 8 məhsuldar ötürmə verib. Üçüncü yeri NTD-nin legioneri Rayan Keyleb (20 xal) tutub. Ardınca Zaxariya Hiks (“Neftçi”, 19 xal) və Malek Qrin (“Sumqayıt”, 18 xal) gəlir. Deşaun Stivens (“Naxçıvan”) və Kirk Teyvion (“Sumqayıt”) 17 xal toplayıb.
Ribaund: Zaxariya Hiks (“Neftçi”) və Cey-Kuan Yuinq (NTD) - 14 ribaund.
Hiks 14 ribaundun 11-ni müdafiədə topladı və 19 xalla dabl-dabl etdi. Yuinq də 14 xal və 14 ribaundla eyni uğura imza atıb. Onun da 11 ribaundu müdafiədə idi. Onlardan sonra Malek Qrin (12), Latavius Mitçell (“Gəncə”), Stepanoviç və Oleq Kojenets (“Naxçıvan”) 11 ribaundla gəlir. Mitçelin 11 ribaundunun 9-u hücum ribaundu idi.
Assist: Miliç Starovlah (“Neftçi”) - 9 assist
Starovlah 12 xal, 9 ribaund və 9 assistlə mübarizə aparıb. O, tripl-dablı bir ribaund və assistlə qaçırıb. Onun ardınca 8 assistlə Ertel, Cervis Qarret (“Gəncə”) və Şakil Prays (“Neftçi”) gəlir. Gerri Bleyks (“Sabah”) və Maqsud Hümmətov (NTD) 6 məhsuldar ötürmə verib..
Üçlük: Rayan Keyleb (NTD) - 6 üçlük
Keyleb 10 cəhddən 6-nı (60%) uğurla tamamlayaraq turun ən çox üçlük atanı olub və 20 xalının 18-ni xarici xəttdən toplayıb. Hiks 11 cəhddən 5 (45,5%) üçlüklə ikinci yerdədir. Mindauqas Susinskas (“Sabah”) 7 cəhddən 4 (57,1%), Murad Babayev (“Naxçıvan”) isə 4 cəhdin hamısını (100%) reallaşdırıb. Ertel 4 cəhddə 3 üçlük atıb.
Yerli oyunçuların performansı:
Azərbaycanlı basketbolçular bu tur 95 xal toplayıb. Bu, altı oyunda atılan 472 xalın təxminən beşdə biridir. Ən çox xalı NTD-nin yerliləri (33) və “Neftçi”nin yerliləri (28) qazanıb. “Sabah”ın yerliləri 15, “Naxçıvan”ın 13, “Sumqayıt” və “Gəncə”nin yerliləri isə 3 xal toplayıb.
Turun ən məhsuldar yerli oyunçusu NTD-dən Məhəmməd Hüseynli oldu. O, 31 dəqiqədə 16 xal toplayıb (cərimələrdə 5/8) və 4 assist verib.
“Neftçi”nin üzvü Ulaş Turqut 29 dəqiqədə 15 xalla (2 xallıqlarda 4/6, üçlüklərdə 2/5) ikinci yerdədir. “Naxçıvan”dan Murad Babayevi 29 dəqiqədə 12 xal topladı və üçlük atışlarını 100% dəqiqliklə (4/4) tamamlayaraq yerlilər arasında ən çox üçlük atan olub.
NTD-dən Mübariz Mirzəyev cəmi 16 dəqiqədə 10 xal (üçlüklərdə 2/3), “Neftçi”dən Cəbrayıl Əkbərov 14 dəqiqədə 8 xal topladı. “Sabah”da Ender Poladxanlı 17 dəqiqədə 2 xallıq atışların 5-dən 4-nü yerinə yetirərək 8 xal qazanıb. “Neftçi”nin gənc oyunçusu Derin Berköz meydanda cəmi 7 dəqiqə 52 saniyə qalsa da, yeganə üçlük cəhdini uğurla başa vurdu və 3 xal qazandı.
Oyun qurmada yerlilər arasında ən yaxşı göstərici Maqsud Hümmətovun 6 assisti oldu, ardınca M. Hüseynli (4) və Elşad Şirzadov (“Sumqayıt”, 3) gəlir. Ribaundda lider NTD-dən Hüseyn Qaflanov oldu (13 dəqiqədə 4 ribaund).
