"Ən gərgin oyun “Naxçıvan” - “Gəncə” qarşılaşması oldu" – Şəhriyar Əsgərov TURU DƏYƏRLƏNDİRDİ
"Lənkəran"ın baş məşqçisi Şəhriyar Əsgərov AzB.az-a açıqlamasında ABL-nin III turunu dəyərləndirib.
Mütəxəxssis qarşılaşmalarda qeydə alınan nəticələrin onu təccübləndirmədiyini açıqlayıb:
"Bildiyiniz kimi, son turda bir oyun – “Ordu” - “LANDAU Lions” qarşılaşması avrokuboklarla əlaqədar təxirə salındı. Ondan əvvəl də “Naxçıvan”ın oyunu təxirə düşmüşdü. Ümumilikdə, turda gözlənilməz nəticələr çox olmadı. Demək olar ki, komandalar gözlənilən nəticələri əldə etdilər. Ən gərgin oyun kimi “Naxçıvan” – “Gəncə” qarşılaşmasını qeyd edərdim. Burada sonadək mübarizə getdi. Görünür, “Gəncə”nin hələ də həll etməli olduğu problemlər var. Bununla belə, mənə elə gəlir ki, “Gəncə” yaxşı komandadır.
Eyni zamanda, “Naxçıvan”ı təbrik etmək istəyirəm. Bildiyiniz kimi, uzun illər mənimlə işləyən Zaur Paşayev hazırda bu komandada ikinci məşqçi kimi fəaliyyət göstərir. Ona görə də onu xüsusi olaraq təbrik edirəm. Keçən il “Quba” klubunda mənim rəhbərliyim altında çıxış edən Kristian Kuns da “Naxçıvan”da normal oyun nümayiş etdirir, ilk beşlikdə yer alır və komandasına müəyyən xallar qazandırır".
Ş.Əsgərov yerli basketbolçuların çıxışı barədə bu sözləri deyib:
“Ordu”nun startı zəif görünə bilər, ancaq komanda yaxşı müqavimət göstərdi. Bildiyiniz kimi, əvvəlki iki turda cəmi iki oyun keçirib. İstərdim ki, bu klub da mövsüm ərzində öz oyununu tapsın. Düzdür, növbəti turda “NTD” ilə qarşılaşacaqlar, amma bu komanda da zəif rəqib deyil. “Sabah”a qarşı oyunda da bunu göstərdi. Xüsusilə yerli basketbolçuların çıxışı xoş təsir bağışlayır. İstər Məhəmmədin, istər Maqsudun, istərsə də digər oyunçuların performansını müsbət qiymətləndirirəm. “Sabah”ın heyətindəki yerli basketbolçuların isə müəyyən problemləri olduğu görünür. Ad çəkmək istəmirəm, amma onlara verilən oyun vaxtını lazımi səviyyədə dəyərləndirə bilmirlər. Bu da zaman tələb edən prosesdir. Yəqin ki, bir qədər sonra həyəcanlarını üstlərindən atıb yenidən yaxşı oynamağa başlayacaqlar. Ümumiyyətlə, bütün yerli basketbolçularımıza uğurlar arzulayıram və komandalarında daha çox oyun vaxtı qazanmalarını istəyirəm. Xüsusilə, zədədən tam sağalmamış Endər Poladxanlını əvvəlki gücündə yenidən meydanda görmək istəyirik".
