Avroliqanın VII turunda "Hapoel Təl-Əviv" Sofiyada keçirilən matçda "Virtus Bolonya" üzərində 90:81 hesabı ilə qələbə qazanıb.
AzB.az xəbər verir ki, üçüncü hissənin əvvəlində 13 xal geridə olan (38:51) İsrail təmsilçisi müdafiədə oyunu sərtləşdirərək möhtəşəm dönüş etməyi bacarıb.
"Hapoel"də Zak LeDey 22 xal və 10 ribaundla matçın qəhrəmanı olub. Vasiliye Mitsiç 16, Tai Odiase 13, Elayca Braynt isə 12 xalla qələbəyə töhfə verib.
İtaliya klubunda Derrik Olston və Aliu Diarra hərəyə 12 xal toplayıblar.
Bu nəticədən sonra aktivində 5 qələbəsi olan "Hapoel Təl-Əviv" növbəti turda "Anadolu Efes"lə qarşılaşacaq. 4 qələbəsi olan "Virtus Bolonya" isə "Jalgiris"i qəbul edəcək.