"Oyunçuların performansından razı, nəticədən isə narazıyam" - Erhan Toker
"LANDAU Lions"un baş məşqçisi Erhan Toker FİBA Avropa Kubokunda "Bakken Bearz"la oyundan sonra (88:91) fikirlərini bölüşüb.
AzB.az xəbər verir ki, o, əvvəlcə Danimarka təmsilçisinə qarşı oyunu şərh edib:
"Matçdan əvvəl üzərində işlədiyimiz bir çox məqamı oyunçularımız parketdə göstərməyə çalışdılar. Rəqibin zəif tərəflərindən də faydalanaraq, onları istəmədikləri oyunu oynamağa məcbur etdik. Nəticədə, oyunun böyük bir hissəsində ya öndə olduq, ya da rəqiblə bərabər səviyyədə mübarizə apardıq. Bu müddətdə oyunçularımızın tapşırıqları dəqiqliklə yerinə yetirməyə çalışmaları məni sevindirdi. Parketdə həqiqətən də ciddi güc sərf olundu. Top daha çox paylaşıldı, müdafiədə isə oyunçularımız daha yaxşı kollektiv oyun nümayiş etdirdilər".
Türkiyəli mütəxəssis Slovakiya - Danimarka təlim-məşq toplanışını da dəyərləndirib:
"Əslində, hər şeyə yenidən başlayırıq. Slovakiyadakı oyundan sonra orada qalaraq, daha sonra Danimarkada təlim-məşq toplanışını davam etdirməyimiz bizə çox yaxşı təsir etdi. Bu, sanki təlim-məşq toplanışını əvəz etdi. Buna görə də klub rəhbərliyinə təşəkkür edirəm. “Bakken Bears”la matçda qələbə qazanmağı çox istəyirdik. Oyun əlavə vaxta gedəndə sərəncamımızda çox oyunçu qalmamışdı. Freyzer və Kervin Volton cəzalı olduqları üçün komandaya kömək edə bilmirdilər. Gediminas Orelik isə daha əvvəl zədələnmişdi. Mənə elə gəlir ki, Orelik zədələnməsəydi və əlavə vaxtda təcrübəli oyunçu kimi bizə kömək edə bilsəydi, nəticə fərqli olardı. Düzdür, İsmayıl Məmmədov da bizə böyük kömək etdi. Arnas Sakenis son həftə ərzində tam olaraq məşqlərdə iştirak edə bilmişdi. Bu gün isə ondan demək olar ki, bütün oyun boyu istifadə etdik. O, həm çox yaxşı oynadı, həm də müəyyən mənada məcburiyyətdən bu qədər uzun müddət parketdə qaldı. Hakimlər hər zaman ev sahibi komandaya az da olsa üstünlük verirlər. Bu dəfə də gərgin anlarda bəzən fit onların xeyrinə səsləndi. Yekunda deyə bilərəm ki, oyunçuların performansından razı, nəticədən isə narazıyam. Bu cür oynamağa davam edərək, səviyyəmizi bir qədər də yüksəltmək və qələbələri sıralamaq istəyirik".
Çətin qrupda mübarizə aparırıq. Burada çox güclü və bir-birinə bərabər səviyyəli komandalar arasında gərgin oyunlar keçirilir. Bakıya qayıtdıqdan sonra bizi əvvəlcə liqa oyunu, daha sonra isə yenidən FIBA Avropa Kubokunda matç gözləyir. Yolumuza davam edirik.
