''Neftçi"nin baş məşqçisi: “Ən vacib məsələ yerli oyunçulardır"
“Neftçi”nin baş məşqçisi Konstantinos Vasiliadis “Riqa”ya qarşı oyundan sonra mətbuat konfransında iştirak edib.
AzB.az xəbər verir ki, yunan mütəxəssis FIBA Avropa Kubokunda 94:110 hesabı ilə başa çatan qarşılaşma barədə fikirlərini bölüşüb.
Vasiliadis komandasının oyun ərzində eyni tempi qorumaqda çətinlik çəkdiyini bildirib:
“Qarşılaşmadan sonra fərqli düşüncələrim var. İlk 10 dəqiqədə yaxşı başladıq. Avropadakı ikinci oyunumuz idi. Oyunçularla danışdım və onların yorğun olduğunu gördüm. Bütün oyun boyu eyni tempi saxlaya bilmədik. Belə qarşılaşmalarda daha yavaş tempdə də oynamaq mümkündür. Cərimə atışlarında və asan ötürmələrdə bəzi səhvlərə yol verdik.
Komandamın 25 dəqiqəlik çıxışını yaxşı qiymətləndirirəm. Güclü rəqibə qarşı yaxşı dəqiqələr keçirdik və fərqli oyun tempində oynaya biləcəyimizi göstərdik. İndi bunun üzərində çalışmalıyıq ki, 40 dəqiqə ərzində eyni tempi qoruya bilək”.
Baş məşqçi yerli basketbolçulara daha çox şans vermək istədiyini də vurğulayıb:
“16-17 il ərzində legioner kimi xaricdə oynamışam və yerli oyunçuların nə qədər vacib olduğunu bilirəm. Bizim yaxşı yerli basketbolçularımız var. Onlardan bəziləri artıq oynamağa hazırdır, digərləri isə hər gün çalışırlar. İnanıram ki, qısa müddət ərzində onlar da oynamaq imkanı qazanacaqlar.
Mən onların oynamasını və inkişaf etməsini istəyirəm. Onların istedadlı olduğunu bilirəm. Mövsümün əvvəlindən bəri onlarla söhbət edirəm. Oyunçular əllərindən gələni etdiklərini və meydana çıxmaq istədiklərini deyirlər. Hər gün çalışırlar, yaxşı və istedadlı uşaqlardır.
Ümid edirəm ki, mövsümün sonuna qədər, mənim rəhbərliyim altında, daha çox oynamaq imkanı qazanacaqlar. Əminəm ki, legionerlərlə birlikdə uğurlu mövsüm keçirəcəyik. Amma ən vacib məsələ yerli oyunçulardır”.
