Patseviçyus: "Müasir basketbolda "Sabah" kimi oynayan az komanda var"
FIBA Çempionlar Liqasındakı mübarizəyə start verməyə hazırlaşan Litvanın "Ritas" klubunun baş məşqçisi Nedas Patseviçyus ilk rəqibi olan "Sabah" BK haqqında fikirlərini bölüşüb.
AzB.az xəbər verir ki, litvalı mütəxəssis Azərbaycan çempionunun boy üstünlüyünə və səbətaltı mübarizədəki fərqli oyun üslubuna xüsusi diqqət çəkib:
"Reaksiyanı oyunda görəcəyik. Ən vacibi videoanaliz aparmaq, səhvlərimizi təkrarlamamaq və tam fərqli üsluba malik rəqibə köklənmək idi. Hazırda ilk növbədə öz oyunumuza diqqət yetirməliyik. "Sabah" heyətindəki basketbolçuların fiziki göstəriciləri və boy üstünlüyü ilə seçilən komandadır. İstər müdafiəçilər, istərsə də hücumçular pota altında yaranan üstünlüklərdən çox yaxşı istifadə edirlər. Müasir basketbolda bu üslubda hücum edən komandalara çox az rast gəlinir. Oyun zamanı onların fiziki təzyiqinə tab gətirmək və rəqib oyunçuları düzgün neytrallaşdırmaq həlledici olacaq. Əsas məsələ matçın ilk dəqiqələrindən tempə nəzarət etmək və rəqibin güclü tərəflərini elə başlanğıcda bağlamaqdır".
Qeyd edək ki, "Ritas" – "Sabah" BK qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
