Rüstəm Əliyev: “Meydana qələbə məqsədilə çıxacağıq”
“Sumqayıt” basketbol klubunun oyunçusu Rüstəm Əliyev “Neftçi” ilə qarşılaşma öncəsi fikirlərini AzB.az-la bölüşüb.
Basketbolçu açıqlamasında rəqibin güclü tərəflərindən, komandasının hazırlıq prosesindən və qarşıdakı oyundakı hədəflərindən danışıb.
"Sabahkı oyunla bağlı onu deyə bilərəm ki, “Neftçi” FIBA Avropa Kubokunda iştirak edən güclü və təcrübəli komandadır. Onlar hazırlıqlara bizdən xeyli əvvəl başlayıblar və yerli oyunçuların rotasiyası da kifayət qədər yaxşıdır. Rəqibimizin gücünü bilirik və meydana bunun fərqində olaraq çıxacağıq. Əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq.
“Sumqayıt”ın mövsümə hazırlığına gəldikdə isə, məşqlərə bir qədər gec başlamışıq və hazırda üzərində işləməli olduğumuz çatışmazlıqlar var. Bunları aradan qaldırmaq üçün çalışırıq. Bütün həftə ərzində “Neftçi” ilə oyuna hazırlaşmışıq. Rəqibin güclü tərəflərini nəzərə alsaq da, meydana qələbə məqsədilə çıxacaq və sona qədər mübarizə aparacağıq".
