ABL

"Neftçi" ilə oyuna ciddi hazırlaşırıq" - Polad Həsənov

"Neftçi" ilə oyuna ciddi hazırlaşırıq" - Polad Həsənov
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

"Ordu" İK basketbol komandasının baş məşqçisi Polad Həsənov Azərbaycan Basketbol Liqasının (ABL) ilk turundakı məğlubiyyəti dəyərləndirib və II turda "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

AzB.az xəbər verir ki, mütəxəssis komandasının ilk oyundakı çıxışında həm müsbət, həm də mənfi məqamların olduğunu bildirib:

"İlk turdakı performansımızı həm müsbət, həm mənfi dəyərləndirirəm. Hücumda daha yaxşı idik, enerjimiz və istəyimiz yerində idi. Mənfi tərəfimiz isə müdafiədə istənilən səviyyədə aqressiv ola bilməməyimizdir. Boşluqlar verdik, rəqibə kifayət qədər təzyiq göstərə bilmədik. Təzyiqi yalnız ikinci pəriyodda və ikinci hissədə tətbiq edə bildik, həmin vaxt 12 xal önə də keçdik. Lakin sonrakı dəqiqələrdə müdafiə performansımız düşdü və nəticədə məğlub olan tərəf biz olduq. Əlbəttə, bu oyundan ciddi nəticələr çıxarmışıq".

P.Həsənov qarşıdakı "Neftçi" oyunu ilə bağlı hazırlıqların yüksək səviyyədə davam etdiyini vurğulayıb:

"Çalışırıq ki, müdafiədə daha aqressiv, hücumda isə daha sürətli basketbol oynayan komanda formalaşdıraq. "Neftçi" ilə görüşə tam ciddi hazırlaşırıq. Qarşımızda hazır komanda var, çünki onlar mövsümə bizdən daha tez başlayıblar və Avropa Kubokunda 3 oyun keçiriblər. Oyun praktikası baxımından rəqib üstündür. Təlim-məşq toplanışında və rəsmi matçlarda daha çox təcrübə toplayıblar. Həm hücum, həm də müdafiə planında çalışmalarımız davam edir. Bu turda qələbə qazanmaq istəyirik, çünki bu, komandaya böyük motivasiya verəcək".

Gənc mütəxəssis komandasına inandığını da əlavə edib:

"Yaxşı və potensiallı heyətimiz var, sadəcə ilk oyunda istədiyimizi nümayiş etdirə bilmədiyimiz üçün uduzduq. Çalışacağıq ki, "Neftçi" ilə matçdan qalib ayrılan tərəf biz olaq, çünki bu nəticə bizim üçün çox vacibdir. İnanıram ki, istədiyimiz oyunu sərgiləsək, qələbə qazana bilərik".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər