"Sabah" son çempiona çətin anlar yaşatdı – FIBA oyun haqqında yazdı
FIBA-nın rəsmi saytında Çempionlar Liqasının A qrupu çərçivəsində keçirilən "Ritas" - "Sabah" (82:73) qarşılaşması barədə geniş yazı dərc olunub.
AzB.az xəbər verir ki, "Sabah" "Ritas"a qarşı sona qədər mübarizə apardı" başlığı altında işıqlandırılan məqalədə Azərbaycan təmsilçisinin turnirin son çempionuna ciddi müqavimət göstərdiyi vurğulanıb.
Məqalədə Litva təmsilçisinin doğma azarkeşləri önündə rahat qələbə qazanacağı gözlənilsə də, matçın gözləniləndən daha gərgin keçdiyi bildirilib:
"Vilnüsdə B Tribunasının çempionu necə qarşıladığını nəzərə alsaq, hər kəs mövsümə böyük hesablı qələbə ilə başlamaq həyəcanı içində idi. Lakin "Ritas" üçün hər şey gözlənildiyi kimi rahat alınmadı. Litva klubu 82:73 hesabı ilə qalib gəlsə də, üstünlüyü yalnız son dəqiqələrdə təmin edə bildi".
Yazıda tribunadan keçmiş baş məşqçisi Rimas Kurtinaitisin də izlədiyi "Sabah"ın matçın bitməsinə 6 dəqiqə qalmış 69:67 hesabı ilə öndə olduğu xüsusi qeyd olunub:
"Məhz həmin anda çempionun xarakteri ortaya çıxdı. "Ritas"ın 12:0 hesablı seriyası sonluqda rahatlaşmasına imkan verdi. Avqustas Marçulionis (22 xal) və Gitis Radzeviçyusun (21 xal, 12 ribaund) ön plana çıxdığı bu matç 'Sabah' üçün unudulmaz bir təcrübə oldu".
Qeyd olunub ki, məğlubiyyətə baxmayaraq, "Sabah"ın heyətində Nik Perkins də 16 xal və 11 ribaundla "dabl-dabl"a imza ataraq diqqət çəkib.
