Avrokuboklar

"Real Madrid"in baş məşqçisi: "Bəhanə gətirmək olmaz"

"Real Madrid"in baş məşqçisi: "Bəhanə gətirmək olmaz"

"Real Madrid" Avroliqada mövsümə ardıcıl üçüncü məğlubiyyətlə başlayıb.

AzB.az xəbər verir ki, Madrid təmsilçisi səfərdə "Hapoel Tel-Əviv"ə 98:102 hesabı ilə uduzub.

Görüşdə 22 xallıq fərqi aradan qaldıraraq hesabda önə keçməyi bacaran "Real Madrid" son dəqiqələrdə üstünlüyü əldən verib.

Qarşılaşmadan sonra İspaniya klubunun baş məşqçisi Pedro Martines mətbuat konfransında komandasının çıxışını dəyərləndirib:

"İki tam fərqli hissə izlədik. İlk hissədə müdafiəmiz zəif idi, nəticədə hücumda temp və top paylaşımı çatışmadı, bərbad oyun alındı. İkinci hissədə isə daha aqressiv oynayaraq geridönüş etdik. "Hapoel" kimi təcrübəli komandaya qarşı bu, asan deyildi. Hətta 2 xallıq üstünlük də əldə etdik, lakin heyətdə rotasiya etdikdə istədiyimiz nəticəni ala bilmədik. Son dəqiqələrdə rəqib daha ağıllı oynadı, cərimə atışları qazandılar. Qələbəyə layiq idilər".

İspaniyalı mütəxəssis vəziyyətdən çıxış yolu üçün zamana ehtiyac olduqlarını vurğulayıb:

"İrəli baxmaq üçün birlikdə işləməliyik. Daha yaxşı olmaq üçün zamana ehtiyacımız var. Hər şey gündəlik məşqlərdən və düşüncə tərzimizi dəyişməkdən asılıdır. Vəziyyətin asan olmadığını başa düşməliyik. Bəhanə gətirmək və ya günahkar axtarmaq olmaz. Həm yaxşı, həm də çətin günlərdə biz bir komandayıq və inkişaf etməliyik".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər