Pablo Laso: "Mən buraya Avroliqa çempionu olmaq üçün gəlmişəm"
"Anadolu Efes"in baş məşqçisi Pablo Laso ötən mövsümün çətinlikləri və heyətdəki dəyişikliklərin səbəbləri barədə fikirlərini bölüşüb.
AzB.az xəbər verir ki, ispaniyalı mütəxəssis İstanbulda "Real Madrid" üzərində qazanılan 94:84 hesablı qələbədən sonra komandasının inkişaf etməli olduğu əsas sahələrə toxunub.
Laso zədələrin uğursuzluq üçün bəhanə sayılmayacağını bildirib:
"Keçən il bizim üçün həqiqətən çətin keçdi. Zədələr idmanda istədiyin nəticəni almağa ən böyük maneədir. Amma düşünürəm ki, zədələr oyunun bir hissəsidir və bəhanə ola bilməz. Ona görə də ötən mövsümün problemlərini müxtəlif aspektlərdən təhlil etməliyik".
Təcrübəli çalışdırıcı heyətdəki dəyişikliklərin üç əsas səbəbini açıqlayıb:
"Düşünürəm ki, üç əsas səbəb var idi: birincisi, yaradıcılıq; ikincisi, atletiklik; üçüncüsü, ribaundlar. Bəlkə də, bu gün ribaund mübarizəsində 15 fərqlə geri qaldığımız üçün bunu demək üçün ən yaxşı gün deyil. Amma ümumi mənzərəyə baxanda, belə gərgin mövsüm üçün heyəti məhz bu istiqamətlərdə qurduq".
Laso komandaya ən yüksək hədəflərlə gəldiyini vurğulayıb:
"Mən çox optimist insanam. Buraya gələndə inanırdım ki, Avroliqa çempionu olacağıq. Amma bəzən zaman sənə reallığı göstərir. Hazırda isə fikrim yalnız növbəti oyundadır".
Baş məşqçi həmkarlarının işdən çıxarılması ilə bağlı xəbərlərin ona əlavə motivasiya verdiyini də qeyd edib:
"Bu gün bəzi məşqçilərin işdən çıxarıldığını oxudum. Belə xəbərləri görəndə öz-özümə deyirəm: "Gəlin əvvəlcə cümə axşamı qalib gələk".
