Avroliqanın ilk turu öncəsi ciddi itkilər var
Avroliqanın 2026/27 mövsümünün startı öncəsi turnirin bir sıra iddialı klublarının heyətində ciddi zədə problemləri meydana gəlib.
AzB.az xəbər verir ki, "Real Madrid", "Barselona", "Anadolu Efes", "Panatinaikos", "Olimpiakos", "Jalgiris" və "Srvena Zvezda" kimi Avropa nəhəngləri ilk tur matçlarına vacib oyunçularından məhrum çıxacaqlar.
"Barselona"nın "Anadolu Efes"lə səfər qarşılaşmasında Tosan Evbuomvan və Yoan Makundu zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər. İstanbul təmsilçisində isə İsaia Kordinye və Yeorqios Papayanis tamamilə sıradan çıxıb, zədədən yeni qayıdan Mayk Ceymsin oynayıb-oynamayacağı isə matç saatında dəqiqləşəcək.
Böyük itkilərlə üzləşən digər klub "Panatinaikos"dur. Afina təmsilçisinin "Paris"lə oyununda Kendrik Nann, Kostas Slukas, Naycel Heyz-Devis və Mustafa Fall parketə çıxmayacaqlar.
Bundan əlavə, "Srvena Zvezda"da Nikola Curişiç, "Jalgiris"də isə Saben Li, Deividas Sirvidis və Kaodiriçi Akobundu-Ehiogu ilk tur qarşılaşmalarını buraxacaqlar.
Digər tərəfdən, "Olimpiakos"un baş məşqçisi Yeorqios Bartzokas matç öncəsi bütün basketbolçularının xidmətindən yararlana biləcəyini açıqlayıb. "Real Madrid" və "Baskoniya" isə heyətlərin son vəziyyəti barədə hələlik rəsmi məlumat verməyiblər.
