Avrokuboklar

Anar Sarıyev "Neftçi"nin qələbəsini dəyərləndirdi

Anar Sarıyev "Neftçi"nin qələbəsini dəyərləndirdi

Azərbaycanlı basketbol mütəxəssisi Anar Sarıyev FIBA Avropa Kubokunun təsnifat mərhələsi çərçivəsində dünən keçirilən "Neftçi" – "Parnu" matçı (80:67) barədə fikirlərini bölüşüb.

AzB.az xəbər verir ki, mütəxəssis Bakıdakı qarşılaşmada qazanılan qələbənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Oyun haqqında danışarkən, məncə, ən vacib məqam Bakıda qələbə qazanmaq idi. Komanda ən azından bu tapşırığın öhdəsindən gəldi. Matça gəldikdə isə, "Neftçi" üstünlüyü ələ aldığı andan - hesabdakı fərqi 8-12 xala çatdırdıqdan sonra qarşılaşmanı sonadək öz kontrolunda saxladı. Baxmayaraq ki, üçüncü və dördüncü periyodların hər birində rəqibə bir xal fərqi ilə uduzdular, ümumilikdə oyunda ciddi geriləmə yaşanmadı".

A.Sarıyev komandanın diqqət yetirməli olduğu zəif tərəflərə və hakimlərin idarəçiliyinə də toxunub:

"Çatışmayan tərəflərə gəlincə, müdafiə ribaundlarında müəyyən problemlər var idi, komanda bu komponentdə rəqibə uduzdu. "Neftçi" məhz bu hissəyə xüsusi fikir verməlidir. Ayrılıqda hakimlərin idarəçiliyinə də diqqət yetirdim. Bakıdakı matçda çox sərt mübarizəyə şərait yaratdılar. Böyük ehtimalla Estoniyadakı cavab qarşılaşmasında tam fərqli hakimlik görəcəyik. Hakimlər daha yumşaq oyuna üstünlük verib hər xırda qayda pozuntusuna foul təyin edə bilərlər. Bu da həm "Neftçi", həm də "Parnu" üçün müəyyən çətinlik yarada bilər. Lakin bütün bunlara baxmayaraq, inanıram ki, 'Neftçi' bu mərhələni adlayaraq qrup mərhələsinə vəsiqə qazanacaq".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər