"Alov Basket" yeni mövsüm üçün heyətini formalaşdırır
"Alov Basket" klubunda yeni mövsüm öncəsi mühüm kadr və heyət dəyişiklikləri baş verib.
AzB.az xəbər verir ki, komandanın baş məşqçisi vəzifəsinə Seyidkərim Mirhadizadə gətirilib. Azərbaycan Basketbol Federasiyasının B lisenziyalı mütəxəssisi ötən mövsüm klubda köməkçi məşqçi kimi çalışıb və Həvəskarlar Liqasının çempionluğunda pay sahibi olub.
S.Mirhadizadə, həmçinin klubun gənclər komandasında da fəaliyyət göstərib.
"Alov Basket" 3 mövsüm klubda çıxış edən Omari Şaraşenidze ilə bağlı xüsusi qərar qəbul edib. Hakimlik fəaliyyətinə görə yeni mövsümdə komandaya oyunçu kimi kömək edə bilməyəcək basketbolçunun 1 nömrəli forması əbədiləşdirilib.
Şaraşenidze klubun 3x3 və digər turnirlərdəki heyətində çıxışını davam etdirəcək.
Klub, həmçinin heyətə yeni qatılan Vüqar Əliyevi rəsmən təqdim edib. Kapitanı və təsisçisi Nicat Mirzəyevin liderlik edəcəyi heyətdə ötənmövsümkü çempionluqda payı olan Əkbər İsgəndərov və dəqiq üçxallı zərbələri ilə seçilən Elmar MirBağırov da yer alıb.
