ABL

Tahir Baxşıyev: “Bu uşaqlar gələcəkdə milli komandaya fayda verə bilərlər”

Tahir Baxşıyev: “Bu uşaqlar gələcəkdə milli komandaya fayda verə bilərlər”

Azərbaycan basketbol millisinin və NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev Bakı İdman Sarayında keçirilən açılış oyunu, "Sumqayıt"la qarşılaşmaya hazırlıq prosesi və komandada gənc yerli basketbolçulara verilən şans barədə AzB.az-a müsahibə verib.

- Açılış oyununu necə dəyərləndirərdiniz?

- Dünənki açılış oyunu çox maraqlı alındı. Demək olar ki, üç dövrə ərzində bərabər mübarizə getdi. "Sabah" 3-cü periodun sonlarına yaxın, böyük fərq olmasa da, hesabda önə çıxa bildi. 4-cü periodda isə "LANDAU Lions" istədiyi oyunu göstərə bilmədi. Bununla belə, qeyd etmək lazımdır ki, "LANDAU Lions"ın heyətində iki əsas oyunçu - Həmzə və yeni transfer etdikləri basketbolçu zədələnib. Xüsusilə Həmzənin yoxluğu komanda üçün ciddi problem yaratdı.

- "Sumqayıt"a qarşı oyuna hazırlıq necə gedir? Komanda qarşılaşmaya hazırdırmı?

- Əlbəttə, "Sumqayıt"la oyuna hazırlığımız davam edir. Heyətimizdə gənc basketbolçular çoxdur. Demək olar ki, komandamızın 80 faizi yerli və gənc oyunçulardan ibarətdir. Əcnəbi basketbolçularımızın sayı isə cəmi ikidir. Bu il belə bir heyətlə çıxış etmək qərarına gəldik və mövsümü bu heyətlə davam etdirəcəyik. Əlbəttə, çətin olacaq. Ancaq düşünürəm ki, ən əsası azərbaycanlı gənc basketbolçular üçün bu, böyük təcrübə olacaq.

- Yalnız iki əcnəbi və əsasən gənclərdən ibarət heyətlə oynamaq mövsüm ərzində nəticələrə mənfi təsir göstərə bilər?

- Bu heyətin əsas məqsədlərindən biri məhz gənc azərbaycanlı basketbolçulara şans verməkdir. U-20 yaş qrupunda olan oyunçularımızın da komandada yer alması onlar üçün çox böyük təcrübədir. İnanıram ki, bu təcrübə gələcəkdə həm Azərbaycan basketboluna, həm də milli komandamıza fayda verəcək. Bu uşaqların özlərini göstərməsi və daha yüksək səviyyədə oynamaq üçün təcrübə qazanması onlar üçün böyük şansdır. Ümid edirəm ki, gələcəkdə bu basketbolçuların daha çoxunu milli komandada görə biləcəyik.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər