ABL

Martin Knejeviç: “Gəncədə keçirəcəyimiz 5 oyunun hamısında qələbə qazanmalıyıq"

Martin Knejeviç: “Gəncədə keçirəcəyimiz 5 oyunun hamısında qələbə qazanmalıyıq"

"Gəncə" basketbol klubunun baş məşqçisi Martin Knejeviç komandanın oyun fəlsəfəsi, yerli basketbolçuların inkişafı, NBA və FIBA basketbolunun fərqləri, eləcə də FIBA Avropa Kubokundakı hədəfləri barədə AzB.az-a müsahibə verib.

- Həm NBA G Liqasında, həm də FIBA turnirlərində çalışmısınız. Bu iki fərqli basketbol məktəbinin hücum anlayışını "Gəncə"də necə birləşdirəcəksiniz?

- Ümumilikdə, NBA üslubuna yaxın basketbol oynayacağıq. Yüksək tempdə və meydanda düzgün məsafə saxlayaraq mübarizə aparacağıq. Lakin FIBA basketbolunda bir neçə hərəkətin ardıcıl tətbiq olunduğu set hücumlarını da, məsələn, "pick the picker" kimi kombinasiyaları icra etməyi bacarmalısınız. Biz hər iki üslubun vəhdətindən istifadə edəcəyik. Bununla belə, oyunumuz əsasən "NBA League Pass"da izlədiyiniz basketbola daha çox bənzəyəcək.

- Cey Bi Bikerstaff, Darko Rayakoviç və Nik Van Eksel kimi məşqçilərlə işləmisiniz. Onlardan götürdüyünüz ən vacib prinsip nədir? 

- Yəqin ki, bütün bu böyük mütəxəssislərdən öyrəndiyim ən vacib məqam daim oyunçularınıza və onların güclü tərəflərinə diqqət yetirməkdir. Hər bir məşqçi taktika lövhəsi qarşısında və ya məşqçi toplantılarında özünü dahi kimi göstərə bilər. Amma həqiqətən yaxşı məşqçilər oyunçularını uğur qazana biləcəkləri ən əlverişli mövqeyə yerləşdirir və eyni zamanda onların zəif tərəflərini mümkün qədər gizlətməyə çalışırlar.

- NBA oyunçularının fərdi inkişafında rolunuz olub. "Gəncə"dəki yerli basketbolçuların səviyyəsini qaldırmaq üçün xüsusi planınız varmı? 

- Bu il yerli oyunçularımız daha çox kiçik beşliklərlə və əsasən perimetrdə oynayacaqlar. Son vaxtlar onların drayv edərək (sıçrayışla hücum edərək) topu boş oyunçuya çıxarmasına xüsusi diqqət yetiririk. Əsas məqsəd topu almamışdan əvvəl meydanı oxumaq və top əlinə keçən kimi sürətli qərar verməkdir. Bunun formalaşması vaxt tələb edir və eyni zamanda çox ciddi fərdi texniki məşqlərlə dəstəklənməlidir.

- Həm NBA, həm də Serbiya basketboluna bələdsiniz. Necə düşünürsünüz, son hücumlarda məşqçinin cızdığı plana uyğun hərəkət edilməlidir, yoxsa qərar oyunçuya buraxılmalıdır? 

- Oyunun son dəqiqələrində hücumların düzgün icrası çox vacibdir. Buna görə də məşqçi hər hansı kombinasiya tapşırığı verəndə bütün oyunçular nə etməli olduqlarını dəqiq bilməli və eyni düşüncədə olmalıdırlar. Bu, xüsusilə taym-autlar zamanı önəmlidir. Çünki məşqçi həmin anda oyunda nələrin baş verməli olduğunu lövhə üzərində dəqiq şəkildə izah edə bilir. Bununla yanaşı, mən oyunçularımı da dinləyirəm. Əgər onlar sadə bir hücum variantının işlədiyini düşünürlərsə, düzgün qərar verəcəklərinə güvənirəm və oyunu çox düşünmədən, təbii şəkildə davam etdirmələrinə imkan verirəm.

- FIBA Avropa Kuboku barədə tez-tez paylaşımlar edirsiniz və həyəcanlı görünürsünüz. "Gəncə"nin bu turnirdəki hədəfi nədir? 

- Dəfələrlə dediyim kimi, ilk hədəfimiz qrup mərhələsini keçməkdir. Qarşıdakı mərhələləri indidən düşünməməliyik. Daha konkret desək, "Gəncə Arena"da keçirəcəyimiz 5 oyunun hamısında qələbə qazanmağa çalışmalıyıq. Öz meydanımızda güclü üstünlük yaratmalıyıq!

- Gəncədə basketbol yeni-yeni sevilir və formalaşır. Sizin rəhbərliyiniz altında azarkeşləri meydanda necə bir "Gəncə" gözləyir?

- Azarkeşlər sürətli tempdə oynayan və hətta rəqib səbətə düşən zaman belə topu tez oyuna daxil edib hücuma keçən bir komanda görə bilərlər. Yəqin ki, ötən mövsümlə müqayisədə daha çox üçlük də atacağıq. Üç xal ikidən çoxdur, bu, sadəcə faktdır. Meydanın hər iki tərəfində — həm hücumda, həm də müdafiədə rəqib üçün gözlənilməz olmağa çalışacağıq. Bu, azarkeşlər üçün oyunu daha maraqlı etməklə yanaşı, qələbə qazanmaq şansımızı da artırır.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər