Uğur Özdemir: "Hədəfimiz Sumqayıtı layiqincə təmsil edən komanda formalaşdırmaqdır"
ABL-nin I turu çərçivəsində “Sumqayıt” NTD ilə üz-üzə gələcək.
AzB.az xəbər verir ki, Sumqayıt təmsilçisinin baş məşqçisi Uğur Özdemir klubun mətbuat xidmətinə açıqlamasında oyuna hazırlığı şərh edib:
“Rəqib çempionatın ən hörmət ediləcək komandalarından biridir. NTD bu mövsüm fərqli strategiya ilə mübarizə aparacaq. Komanda əsasən yerli oyunçulara üstünlük verəcək və heyətdə cəmi 2 legioner basketbolçu olacaq. Məqsədimiz daha yaxşı oynayıb qalib gəlmək olacaq, amma rəqibin təcrübəli olduğunu da unutmuruq. Baş məşqçiləri də təcrübəli mütəxəssisdir. Buna baxmyaraq, meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Çempionata uğurlu start vermək bizim üçün vacibdir”.
U.Özdemir “Sumqayıt”ın hədəflərindən söz açıb: “Əsas hədəfimiz Sumqayıt şəhərini layiqincə təmsil edən komanda formalaşdırmaqdır. Bunun üzərində işləyirik. Hərçənd ki, hazırlığa bir qədər gec başladıq. Tam hazır olandan sonra hədəflərimizi konkret müəyyənləşdirə biləcəyik. Amma gündən-günə iddiamızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümün sonunda da layiq olduğumuz yerdə qərarlaşmaq istəyirik”.
