Mövsümün ilk matçına Amil Həmzəyevin ŞƏRHİ
Azərbaycan milli komandasının və “Naxçıvan”ın basketbolçusu Amil Həmzəyev Azərbaycan Basketbol Liqasında (ABL) mövsümün ilk oyununu dəyərləndirib.
AzB.az-a verdiyi müsahibədə təcrübəli basketbolçu açılış qarşılaşmasında “Sabah”ın “LANDAU Lions” üzərində qazandığı (84:74) qələbə barədə fikirlərini bölüşüb.
Həmzəyev “LANDAU Lions”un üstün tərəflərindən birinin liqaya və yerli basketbol mühitinə daha yaxşı bələd olması olduğunu qeyd edib:
“Bəli, mövsümün ilk oyununu izlədim. Açığı, “LANDAU Lions”un üstün tərəfi o idi ki, artıq liqanı tanıyır, hakimlərə və burada oynanılan basketbol üslubuna daha yaxşı bələddir. Buna görə də qarşılaşmanın böyük hissəsində hesabı yaxın saxlaya bildilər, hətta müəyyən vaxtlarda az xal fərqi ilə önə də keçirdilər.
Lakin sonradan “Sabah”ın keyfiyyəti özünü göstərdi. Düşünürəm ki, növbəti turlarda onlar da qeyd etdiyim məqamlara çempionata, hakimlərə və 4+1 sisteminə daha yaxşı uyğunlaşacaqlar. Bundan sonra “Sabah” üçün mövsümün daha asan düşünürəm.
İlk oyun olduğu üçün müəyyən çətinliklərlə üzləşdilər. Buna baxmayaraq, sonda öz sistemlərini qorudular və qələbə əldə etdilər”.
