"Avropa Kubokuna hazırlaşacağıq" - Erhan Toker
“LANDAU Lions”un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının (ABL) ilk turunda “Sabah”a qarşı keçirilən oyundan sonra AzB.az saytına geniş açıqlama verib.
“Sabah”a 74:84 hesabı ilə məğlub olan “LANDAU Lions” ilk üç periodu öndə başa vursa da, sonuncu hissədə üstünlüyü əldən verib. Mütəxəssis əvvəlcə məğlubiyyətin səbəblərindən danışıb, heyətdəki itkilərin komandaya təsir etdiyini bildirib.
“İki əsas məsələ var. Uzun oyunçumuz zədələndi və oyunu davam etdirə bilmədi. Bu səbəbdən müəyyən qədər əskik qaldıq. Digər oyunçumuz da tam hazır deyildi, buna baxmayaraq onu lazım olduğundan daha çox oynatmalı olduq. Yerli oyunçular hazırda oyunlarda çox vacib rol oynayırlar. Bu gün onlardan istədiyimiz töhfəni ala bilmədik. Rəqib isə bundan yaxşı istifadə etdi. Onlar bir qədər daha sərt oynadılar. Biz isə onlara qarşı bir az daha yumşaq qaldıq”, – deyə Toker bildirib.
Türkiyəli mütəxəssis komandasının hesabda öndə olduğu vaxtlarda hücumda səhvlərə yol verdiyini də qeyd edib:
“Öndə olduğumuz dəqiqələrdə düzgün hücumlar qura bilmədik. Bir qədər fərdi oyuna keçdik, daha çox atış qaçırdıq və asan xallar buraxdıq. Bizə yaraşmayan sadə səhvlər etdik”.
Toker bildirib ki, komanda artıq qarşıdakı Avropa Kuboku oyunlarına hazırlaşacaq:
“Bu oyun artıq geridə qaldı. İndi Avropa Kuboku üçün hazırlaşacağıq. Arnas Sakenisin oynayıb-oynamayacağı hələ bəlli deyil. Səhvlərimizi və problemlərimizi analiz edib onları düzəltməyə çalışacağıq”.
Toker mövsümün əvvəlində hazırlıq oyunlarının az keçirilməsinin də komandaya təsir etdiyini vurğulayıb: “Bu mövsümün əvvəlində təlim-məşq toplanışı təşkil edə bilmədik və buna görə də kifayət qədər hazırlıq oyunu keçirə bilmədik. Komandaya 5 yeni oyunçu qoşulub. Onların rollarını, müdafiədə və hücumda necə istifadə olunacaqlarını müəyyənləşdirmək üçün hazırlıq oyunlarına ehtiyacımız var idi.
Məşqlər baxımından hazırlaşmışdıq və burada problem yox idi. Lakin müdafiədə harada səhv edəcəyimizi, hansı oyunçudan hansı mövqedə istifadə etməli olduğumuzu yalnız oyunlar keçirdikcə görə bilirik.
Ötən mövsüm də Kipr oyunlarından sonra, təxminən 6-7-ci turda əsl oyunumuzu göstərməyə başlamışdıq. Bunun səbəbi də kifayət qədər hazırlıq oyunu keçirə bilməməyimiz idi. Düşünürəm ki, oyun keçirdikcə daha yaxşı olacağıq”.
