Fərrux Mahmudov: “Yeni mövsümə yenilənmiş strategiya ilə başlayırıq”
“Əsas məqsədimiz odur ki, hər bir oyun yüksək rəqabət mühitində keçsin və azarkeşlər üçün daha maraqlı basketbol nümayiş olunsun”.
Bu sözləri AzB.az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov deyib.
ABF rəsmisi yeni mövsümlə bağlı fikirlərini bölüşüb:
“Azərbaycan Basketbol Liqasının (ABL) builki yeni formatı ölkə basketbolunun inkişafı baxımından tamamilə yeni bir mərhələdir. Yeni mövsümə yenilənmiş strategiya ilə başlayırıq. Bu mövsüm yüksək liqada 8 komandanın iştirakı ilə daha gərgin, keyfiyyətli və vahid bir çempionat izləyəcəyik”.
Mahmudov yeni yaradılan ikinci liqa ilə bağlı da fikirlərini bölüşüb:
“ABL 2 bizim sistemimizdə önəmli yer tutur. 6 komandanın mübarizə aparacağı çempionatda reqlamentə əsasən parketdə 4 yerli və 1 əcnəbi basketbolçunun olması başlıca şərtdir. İkinci liqada tətbiq olunan bu qayda məhz yerli basketbolçularımızın parketdə daha çox vaxt almasına hesablanıb. Liqanın təşkilində də başlıca məqsədimiz yerli basketbolçularımıza mütəmadi oyun praktikası qazandırmaqdır. Ümumiləşdirsək, bu format bizə güclü və rəqabətli əsas çempionatla (ABL) yanaşı, yerli basketbolçularımızın da yetişəcəyi sağlam bir alt baza (ABL 2) bəxş edir”.
