ABL

Lazar Spasiç: "Sabah"ı Avropada layiqincə təmsil edəcəyik" - MÜSAHİBƏ

Lazar Spasiç: "Sabah"ı Avropada layiqincə təmsil edəcəyik" - MÜSAHİBƏ

AzB.az “Sabah” basketbol klubunun baş məşqçisi Lazar Spasiçin eksklüziv müsahibəsini təqdim edir.

– “Sabah”dan cari mövsüm gözləntiləriniz nələrdir?

– Gözləntilər böyükdür. “Sabah” artıq adını Azərbaycan basketbolunun zirvəsinə yazdırmış klubdur. Buraya gəldim, çünki bu layihə çox ciddidir. Söhbət yalnız Azərbaycan basketbolundan getmir. Biz “Sabah”ı, eyni zamanda Azərbaycan Liqasının ən yaxşı klublarından biri kimi Avropa səviyyəsində layiqincə təmsil etmək istəyirik. Mənim üçün əsas məsələ də məhz budur. Bu mövsüm nail olmaq istədiyimiz əsas məqsəd ambisiyadır.

– “Sabah”ın ötən mövsüm çempion olması təzyiq yaradırmı?

– Bəli, bizim işimizdə hər zaman təzyiq var və biz bu təzyiqin öhdəsindən gəlməliyik. Mənim üçün bu, qeyri-adi bir şey deyil. Sadəcə işimizin bir hissəsidir və düzgün şəkildə çalışmağa davam etməliyik. Mənim üçün ən vacib məsələ budur.

– Ötən mövsüm haqqında məlumatınız var. Sizcə, bu mövsüm “Sabah”a çətinlik yarada biləcək komandalar olacaq?

– Bəli, liqamızda “Sabah”ın ətrafında bir neçə rəqib var və onların hamısı bizə qarşı mübarizə aparmaq istəyir. Əminəm ki, biz onlar üçün böyük motivasiyayıq. Amma biz də bu mövsüm çempionluğu necə qorumağı, necə oynamalı və necə müdafiə olunmalı olduğumuzu bilməliyik.

– Azərbaycan Basketbol Liqasının ilk turunda “LANDAU Lions” ilə “Sabah” qarşılaşacaq. Azarkeşlər bu oyundan nə gözləyə bilərlər?

– Bəli, çətin oyun olacaq. Artıq onlara qarşı oynamışıq və ümumilikdə nə gözləyə biləcəyimizi bilirik. Mən oyunçularıma və komandama inanıram. Əminəm ki, sabah meydana çıxaraq yaxşı basketbol nümayiş etdirəcəyik.

– Bəs FIBA Çempionlar Liqasında qarşıdan gələn oyunları necə dəyərləndirərdiniz?

– Çempionlar Liqası “Landau” ilə oyundan dərhal sonra başlayır. Qrupumuz çox çətindir. Çox ciddi üç rəqiblə qarşılaşacağıq. Amma dediyim kimi, addım-addım, günbəgün irəliləməli və hər gün özümüzün ən yaxşı versiyasına çevrilməyə çalışmalıyıq. Düşünürəm ki, çox yaxşı komandamız və çox yaxşı oyunçularımız var. Əgər hamımız eyni məqsəd ətrafında birləşsək və eyni düşüncə ilə hərəkət etsək, qrupumuzdakı bir çox komandaya qarşı gözlənilməz nəticələr əldə edə biləcəyimizə inanıram.

– “Sabah” azarkeşlərinə Azərbaycan Basketbol Liqası və Basketbol Çempionlar Liqası ilə bağlı nə demək istərdiniz?

– Ümumiyyətlə, azarkeşlərimiz barədə deyə bilərəm ki, keçmişdə çalışdığım bütün klublarda əsas məqsədimiz oyunumuzla özümüzü sübut etmək, yaxşı oyun və keyfiyyətli basketbol nümayiş etdirmək, onların bizə olan etimadını doğrultmaq olub. İnanıram ki, bu yolla onlar da oyunumuzu bəyənəcək və bizi dəstəkləməyə gələcəklər.

Təbii ki, Basketbol Çempionlar Liqasında oynamaq böyük çağırışdır. Eyni zamanda Azərbaycan Liqasında və kubokda da mübarizə aparacağıq. Bütün bu yarışlarda özümüzü mümkün qədər yaxşı şəkildə göstərmək istəyirik. Həm Azərbaycan səviyyəsində, həm də Avropa səviyyəsində tanınan bir komanda formalaşdırmaq istəyirik.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər