Cordan Perkins: “Müdafiə üzərində çox çalışmışıq”
“LANDAU Lions” klubunun basketbolçusu Cordan Perkins komandanın ilk oyuna hazırlığı barədə danışıb.
AzB.az xəbər verir ki, amerikalı basketbolçu klubun mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesində əsas diqqəti müdafiəyə yönəltdiklərini bildirib:
“Düşünürəm ki, yaxşı hazırlaşmışıq. Zəif tərəflərimiz üzərində işləmişik, xüsusilə müdafiəyə çox diqqət ayırmışıq. Hücumda taktiki tapşırıqların icrasında daha dəqiq və kəskin olduğumuza əmin olmuşuq.
Şəxsən özümə gəldikdə isə, komandaya öz rolum çərçivəsində ən yaxşı şəkildə kömək etməyə çalışıram. Həm müdafiədə, həm də hücumda tam hazır olmaq, komandanın bütün prinsiplərini mənimsəmək istəyirəm.
Ən əsası isə yaxşı komanda yoldaşı olmağa, ehtiyat oyunçular skamyasından komandaya enerji verməyə və oyuna daxil olduğum zaman təsir göstərməyə çalışıram. Bunun üçün çox məşq edir, atışlar üzərində işləyir və öyrənməyə davam edirəm”.
