Knejeviç “Gəncə”nin yeni heyətini dəyərləndirdi
“Hazırlıqlar yaxşı gedir”.
Bu sözləri Azb.az saytına açıqlamasında “Gəncə” basketbol komandasının baş məşqçisi Martin Knejeviç deyib.
ABŞ-dən olan mütəxəssis yeni mövsümə hazırlıq prosesini dəyərləndirib:
“İstədiyimizi matçlarda əldə etməyi bacarırıq. İndiki mərhələdə isə daha çox məşqə ehtiyacımız var. Bu mövsüm bir çox yerli oyunçumuzu itirdik. Onlar ötən il yaxşı mövsüm keçirdilər və təbii olaraq yaxşı təkliflər aldılar. Basketbolçular da bu fürsəti dəyərləndirdilər.
Hazırda yerli oyunçulardan ibarət heyətimiz də yaxşıdır. Yeni gələn legionerlərimiz isə boy baxımından nisbətən balaca olsalar da, çox potensiallıdırlar və onlardan gözləntilərimiz böyükdür”.
Qeyd edək ki, “Gəncə” basketbol klubunun Avropa Kubokunda rəqibləri Rumıniyanın “Universitatya Krayova”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist”, Yunanıstanın “Kolossos” və Türkiyənin “Esenler Erokspor” komandalarıdır.
