"Onun kimisi olmayacaq" – Ulduz basketbolçudan Uestbruka emosional vida
"Oklahoma Siti Tander"in lideri Şey Qilces-Aleksandr Rassel Uestbrukun karyerasını başa vurması barədə qərarına münasibət bildirib.
AzB.az xəbər verir ki, kanadalı basketbolçu bu xəbərin onun üçün gözlənilməz olduğunu gizlətməyib.
Qilces-Aleksandr Uestbrukun NBA-də həm oyunçu, həm də insan kimi seçildiyini vurğulayıb:
"O, liqanın ən parlaq simalarından biridir – həm meydançada, həm də meydançadan kənarda. Komanda yoldaşı kimi də xüsusi idi. Uestbruk bütün bu təşəkkür sözlərinə layiqdir. Açığı, bu qərarın məhz indi verilməsi məni şok etdi. Düşünürdüm ki, onun hələ bir az gücü və imkanı qalıb".
Təcrübəli oyunçu Uestbrukun "Oklahoma Siti Tander"lə xüsusi bağlılığına da toxunub:
"Rass əslində Oklahomanın oğludur, ikinci belə biri olmayacaq. O, bu şəhər üçün bu səviyyədə ilk oyunçu idi. Onun varlığını küçələrdə də hiss edirsən. Rass hər yerdədir və bu gün dayandığımız bünövrənin qurucularından biridir".
