Anar Sarıyev: "'Esenler Erokspor' bu turnirin ən güclülərindəndir"
NTD və Azərbaycanın basketbol üzrə milli komandasının köməkçi məşqçisi Anar Sarıyev "LANDAU Lions" – "Lions de Genève" və "Esenler Erokspor" – "Gəncə" qarşılaşmaları barədə AzB.az-a açıqlama verib.
Mütəxəssis ilk növbədə "LANDAU Lions" – "Lions de Genève" matçına toxunaraq Bakı təmsilçisini çətin mübarizənin gözlədiyini diqqətə çatdırıb:
"LANDAU Lions" üçün çox çətin oyun olacaq. Çünki "Sabah"la qarşılaşmada əsas mərkəz oyunçularından biri zədələndi. Onun qarşıdakı matçda hazır olub-olmayacağını bilmirəm, amma ümid edirəm ki, meydana çıxa biləcək. Həmin basketbolçu oynamasa, vəziyyət daha da çətinləşəcək. Eşitdiyim qədərilə, rəqib "Lions de Genève"nin də əsas mərkəz oyunçusu yoxdur. Maraqlı və gərgin görüş gözləyirik. Rəqib güclüdür, amma oyun Bakıdadır və doğma meydan amili bizim xeyrimizədir. Azarkeşlərin zalı doldurub komandaya böyük dəstək verəcəyinə və "LANDAU Lions"un qələbə qazanacağına inanırıq".
A.Sarıyev "Esenler Erokspor" – "Gəncə" matçı barədə isə gəncəlilərin güclü rəqiblə üz-üzə gələcəyini vurğulayıb:
"Esenler Erokspor" çox güclü və ciddi büdcəsi olan komandadır. Ötən il də iddialı idilər, bu mövsüm isə heyətlərini daha da gücləndiriblər. Bu çempionatın ən iddialı kollektivlərindən biridirlər. "Gəncə" Türkiyədə ilk oyununa çıxacaq və onları kifayət qədər ağır sınaq gözləyir. Buna baxmayaraq, təmsilçimizə uğurlar və qələbə arzulayıram".
